Utanmasan, oynamağa nə var ki... –  Kişilərimizdən geri qalmayan qadınlarımız
23 sentyabr 2021 13:10 (UTC +04:00)

Utanmasan, oynamağa nə var ki... – Kişilərimizdən geri qalmayan qadınlarımız

Qadın futbolçularımızın dünya çempionatının seçmə mərhələsində Danimarkaya 0:8 hesabı ilə uduzması diqqətləri yenidən AFFA-ya yönəltdi.

Apasport.az saytının məlumatına görə, xanımlarımızın “parlaq” nəticəsi azarkeşlərin növbəti dəfə assosiasiyanı “xoş sözlərə” qonaq etməsinə səbəb oldu.

İlin əvvəlində İspaniya ilə matçdakı 0:13 hesabı yaddan çıxmamış xanımlarımız danimarkalılara qarşı da əsl qonaqpərvərlik göstərdi. 0:8-ləri, ikirəqəmli məğlubiyyətləri Siyasət Əsgərov hələ çox görəcək. Çünki gedişat onu göstərir ki, komanda 20 top da buraxsa, nə Əsgərov istefa verəcək, nə də AFFA ondan vaz keçəcək.

Dünyanın ən zəif yığmasında belə, ardıcıl ağır yenilgilərdən sonra baş məşqçi utandığından istefa verər. Və ya onu həmin vəzifəyə gətirən qurum səhvini başa düşüb yolları ayırar. Ancaq görünən odur ki, Əsgərov nəticələri, AFFA isə ictimai qınağı vecinə almır. Utanmasan, oynamağa nə var ki...

Əslində qadın futbolçularımızı da çox qınamaq istəmirik. Etiraf edək ki, Azərbaycanda qadın futbolu var olmaq üçün yaşayır. Qızların futbol sevgisini əlindən almaq olmaz, oynasınlar. Onlara görə UEFA-dan müəyyən məbləğdə pul gəlir, ümid etmək istəyirik ki, AFFA da həmin pulu səmərəli xərcləyir. Sadəcə, qadın futboluna dəyərindən artıq pul tökmək də itkidir. Elə kişi futbolundakı kimi.

Ömür boyu qadın futbolumuz aşağı-yuxarı bu vəziyyətdə olub, belə də davam edəcək. Dərd orasındadır ki, kişilərdən ibarət yığmalarımızın da əllərindən illərdir azarkeşləri məyus etməkdən başqa iş gəlmir. Varlığı ilə yoxluğu bilinməyən qadınların Danimarkaya 0:8 uduzması ilə yollarında bir ətək pul tökülən kişilərin Lüksemburqa 1:2 hesablı yenilgisi arasında elə böyük fərq də yoxdur axı. Guya kişilərdən ibarət yığmamız nə gündədir?

Halbuki AFFA rəhbərliyi oturub-durub uşaq futbolundan, perspektivdən, gələcəkdən nağıllar danışır. Kimlərsə nəyinsə xatirinə həmin nağıllar altında yuxuya gedir. Amma unudurlar ki, zaman keçir, vaxt uçur, zərbə isə Azərbaycan futboluna dəyir.

P. S. AFFA dünənki matçdan sonra rəsmi saytını bir anda o qədər xəbərlə doldurdu ki, yığmanın oyunu əsas səhifədən çıxdı. Bu da uğursuzluğu örtməyin bir başqa yoludur.

# 1386
avatar

Oxşar yazılar