“Mahirlə söhbətim oldu, ona uğurlar arzuladım. Amma əlavə bir söz demədim”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlu hücumçu Mahir Emrelinin “Legiya”ya transferi barədə danışarkən deyib.
Futbolçu karyerası ərzində Polşada “Qrotslin” (hazırki “Diskoboliya”, 2007/08) və “Poloniya”nın (2008/09) formasını geyinən gənc mütəxəssis Emrelinin bu ölkəyə yollanmaqla uğurlu seçim etdiyini düşünür: “Mahirlə konkret Polşa həyatı haqda danışmamışıq. Düşünürəm ki, buna heç ehtiyac da yoxdur. Uşaq deyil ki, ona hansısa məsləhəti verək. Artıq yetişmiş, öz sözünü demiş peşəkar futbolçudur. Mən Polşaya gedəndə 20 yaşım var idi, Azərbaycan futbolunda bir söz deməmişdim. Bir futbolçu kimi yetişmək, təcrübə toplamaq niyyətində idim. Mahir isə beşqat Azərbaycan çempionu kimi yollanıb. Milli komandanın aparıcı üzvüdür. Təcrübə toplamağa yox, özündə olan müsbət keyfiyyətləri artırmağa gedib. Avropanın daha güclü liqalarına yüksəlmək üçün Polşa çempionatı yaxşı təkan ola bilər. Məsələn, mən orada olanda Robert Levandovski birinci liqada çıxış edirdi. Sonra “Lex”lə müqavilə bağladı, bombardir oldu və Dortmund “Borussiya”sına keçdi. Polşa çempionatında özünü göstərsən, ilk növbədə Almaniya Bundesliqa klublarının diqqətini çəkərsən. Üstəlik, “Legiya” Polşanın ən populyar klubudur və hər matçına Almaniyadan 5-6 menecer gəlir”.
Hazırda “Sabah”ın əvəzedici komandasında məşqçi kimi fəaliyyət göstərən Yunisoğlu “Legiya”nın oyun üslubunun “Qarabağ”la eyni olduğunu da sözlərinə əlavə edib: “Mənim Polşaya getməyimin üstündən təxminən 15 ilə yaxın vaxt keçib. Bu müddətdə futbol çox dəyişilib. Əvvəllər Polşa klubları bizim təmsilçilərimizi rahatlıqla məğlub edirdilər. Ancaq indi “Qarabağ” onların ən güclü komandalarına da qalib gəlir. Azərbaycan çempionatı bu gün Polşa liqasından geri qalmır. Mənim oynadığım vaxt Polşada güc futboluna üstünlük verirdilər. Futbol yox, dava gedirdi, top uğrunda döyüşürdülər. İndi tam fərqlidir. “Legiya” orada yeganə klubdur ki, “Qarabağ”la eyni üslubda çıxış edir. Texniki oyun və ötürmələrə üstünlük verirlər. Mahir üçün Polşada ən yaxşı variant elə “Legiya”dır”.
Qeyd edək ki, Mahir Emreli dünən “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.