Football Leaks: The Dirty Business of Football kitabı futbol tarixinin ən qəribə müqavilələrindən birini açıqlayıb. Mario Balotelli “Liverpul” ilə müqavilə imzalayanda 1 milyon funt-sterlinq intizam bonusu da daxil olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, razılaşma sadə olub: Balotelli mövsüm ərzində kobudluğa, təhqirə və ya hakimlə mübahisəyə görə üç və ya daha çox qırmızı vərəqə almasa, bonus alacaqdı.
“Liverpul”a qoşulmazdan əvvəl Mario karyerasında artıq yeddi dəfə qırmızı vərəqə almışdı, buna görə də klub ehtiyatlı olmağa qərar verib. İtalyan bir milyon qazanmağa can atıb: o, mersisaydlılar üçün yeddi sarı vərəqə yığıb, amma heç vaxt meydandan qovulmayıb!
Balotelli "Enfild"də cəmi bir mövsüm keçirib - 28 oyunvə dörd qol. Ancaq qeyri-adi bonusu, şübhəsiz ki, qazanıb.