“Şeffild Yunayted” və “Mançester Siti” matçında maraqlı anlar yaşanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, boks üzrə keçmiş dünya çempionu Terri Flanaqan “Mançester Siti”nin ilk qolunun qeyd edilməsi zamanı meydançaya qaçıb.
Qarşılaşma avqustun 27-də Şeffilddə baş tutub. Flanaqan Erlinq Haalandın üzərinə atılaraq norveçli hücumçunu qucaqlayıb və onu öpüb. Tezliklə mühafizəçilər 34 yaşlı boksçunu meydandan çıxarıblar.
Flanaqan 2015-2017-ci illərdə Dünya Boks Təşkilatının yüngül çəki kəmərinin sahibi olub. O, dörd dəfə çempionluq titulunu qoruyub.
“Mançester Siti” 2:1 hesabı ilə qalib gələrək, İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edib. İlk hissədə Haaland penaltini qaçırsa da, ikinci hissədə açıq oyundan qol vurdu. 85-ci dəqiqədə meydan sahibləri Ceyden Boqlun zərbəsi sayəsində hesabı bərabərləşdiriblər. 89-cu dəqiqədə Rodri qələbə qolunu vurub.
“Mançester Siti” növbəti mərhələdə sentyabrın 2-də “Fulhem”lə, ardıcıl üçüncü məğlubiyyətini alan “Şeffild” isə “Everton”la qarşılaşacaq.