Lent.az “Məşhurun həyatından bir an” rubrikasına davam edir. Bu dəfə ulduz futbolçu, Argentinada “Futbol Tanrısı” hesab olunan Maradonadan bir xatirə paylaşacağıq.
Maradona karyerasının zirvəsindəykən narkotik maddələrə qurşanır. Sonra narkotik asılılığından qurtulmaq üçün bir müddət psixiatrik xəstəxanada müalicə almalı olur. Xəstəxandakı günlərini xatırlayan futbolçu bu barədə belə demişdi:
“Orda hər cür adam var idi. Hər dəli özünü dahi hesab edirdi. Biri özünə Çe Gevarayam deyirdi, başqaları ona baş əyirdi. Biri özünü Fidel Kastro sayırdı, hamı əlindən öpürdü, bir başqası deyirdi mən Qandiyəm, digəri Hitler olurdu, onlara da inanırdılar. Mən “Maradonayam” deyirdim, inanmırdılar.
Bir dəfə hətta məni ələ salıb güldülər. Dedilər, "dəlixanada heç kim Maradona ola bilməz. O toxunulmazdır".
O zaman anladım ki, mən göylərə ucaltdığım adın qiymətini bilməmişəm. Özümə nələr etdiyimi anladım və peşman oldum".