Region Liqasında çıxış edən “Karvan” yenidən fəaliyyətini dayandırmaq üzrədir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Şimal-Qərb regionunda yarışan Yevlax klubu son günlərini yaşayır.
Buna səbəb komandanın üzləşdiyi maliyyə problemidir. Çempionatda sona bir tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Karvan” pley-offa vəsiqəni təmin edib. Komanda oradakı 2 oyununu da keçirdikdən sonra dağılacaq. Maddi problemlər ucbatından bir neçə futbolçusu ilə vidalaşan “Karvan”ın baş məşqçisi Kənan Kərimov da artıq Bakıya köçüb.
Kərimov saytımıza açıqlamasında vəziyyətin dözülməz hal aldığını və bu gedişlə komandanın fəaliyyətini dayandıracağını təsdiqləyib: “Çətinliklə gəlib bu vəziyyətə çıxmışıq. Amma gedişat xoş nəsə vəd etmir. Dost-tanış nə vaxta qədər kömək eləməlidir? Rayon rəhbərliyi nə maraqlanır, nə yaxın durur. Heç elə bil Yevlaxda komanda yoxdur. AFFA-dan da hələ xəbər yoxdur. Ümidimiz ancaq assosiasiyayadır. Mən bu gün əlimi çəksəm, komanda dağılacaq. Dostların köməkliyi ilə bura qədər gəlmişik. Sponsor olmasa, pley-off oyunlarından sonra “Karvan”ın fəaliyyətini davam etdirməsi qeyri-mümkündür”.
Kərimov paytaxta köçməsinə baxmayaraq, hələlik məşqlər və oyunlar zamanı Yevlaxa gedəcəyini söyləyib: “İki gündür Bakıya gəlmişəm. İlk növbədə “Karvan”ın durumu dəqiqləşməlidir. Bu boyda əziyyət çəkmişəm, bunun yarımçıq qalmasını istəmirəm. Amma gücüm çatandan da artığını elədim”.