Etiraf edək ki, 2000-ci ildə UEFA kubokunu tutaq ki, “Qalatasaray” yox, “Qaziantepspor” qazansaydı, Azərbaycanda əksəriyyət sonuncuya azarkeşlik edərdi. Razılaşmaya da bilərsiniz, neynək, amma mənim fikrimdi. Bu gün Azərbaycanda istər “Qalatasaray”ın - böyük çoxluq onlardır - istər “Fənərbaxça”nın, istərsə də “Beşiktaş”ın kifayət qədər azarkeş ordusu var. Ümumiyyətlə, bu üç klub və bir də bizim “Qarabağ”ımız türk dünyasında on minlərlə azarkeşi olan klublardır.
Amma biləsiz, dünyanın ən çox türk tərəfdarı olan klubu nə “Qalatasaray”, nə “Fənərbaxça” və ya “Beşiktaş”, nə də “Qarabağ”dır. Bu, rənglərini qırmızıya boyamış “qurdlar”, Təbrizin “Traktor”udur. Hətta İran mətbuatı belə etiraf edir ki, bu klubun ölkədə 30 milyondan çox azarkeş ordusu var. Onun hər oyununa isə azı 80 min azarkeş gəlir…
Lent.az xəbər verir ki, “Traktorsazi” futbol klubu 1970-ci ildə Təbriz şəhərindəki traktor zavodunun himayəsi ilə yaradılıb. Yarandığı ilk illərdən uğurlu nəticələr göstərən klub 1990-cı ildə rumıniyalı Vasili Qocanın məşqçiliyi dövründə böyük nailiyyətlər əldə edib. Qoca Traktor komandasında köklü və əsasi işlər görmüşdü. Komanda 1992-ci ildə İranın birinci divizionunda 3-cü oldu.
“Traktor” 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Nəhayət, 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə Xəlice-Fars adlı yüksək liqasına vəsiqə əldə etdi.
Çox vaxt bu komandanın azarkeşləri “Barselona”nın tərəfdarları ilə müqayisə olunur, “Asiyanın Barselonası” adlandırılır. Onların Azərbaycan dilində səsləndirdikləri şüarlar “Barselona” azarkeşlərinin katalon dilindəki şüarları ilə müqayisə edilir.
“Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı!”, “Azərbaycan yurdumuz, Traktor boz qurdumuz!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Bakı-Təbriz-Ankara, biz hara, farslar hara!” şüarları hər oyunda stadionu titrədir.
“Traktor” azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Bu komandanın təkcə Təbrizdə deyil, Ərdəbil, Meşkin, Urmiya, Qəzvin, Həmədan, Tehranda da azarkeş ordusu var. Beynəlxalq ekspertlərin fikrincə, bu klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib. Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Tehranın “İstiqlal” və “Persepolis” komandaları ilə səfər oyunlarında paytaxtın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktor"u alqışlayır.
İranda qadınlara futbol oyunlarına tamaşa etmək üçün stadiona getmək qadağandır. Amma komandanın qadın azarkeşləri sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa edirlər. Bu ənənənin digər şəhərlərdə də yayılacağından təşvişə düşən polis, hər dəfə onları oradan uzaqlaşdırmaq məcburiyyətindədir.
“
Traktor” azarkeşləri stadionlarda tez-tez Azərbaycana yönəlik də şüarlar səsləndirirlər. Bunlardan ən məşhuru 2016-cı il aprel döyüşlərindən sonra oldu. Bu döyüşlərdən sonra səslənən və bu aşağıdakı sözlərlə başlayan bəstə isə şimallı, cənublu milyonların dillər əzbəri oldu:
Sən çağırsan gələrəm mən,
Sən yaşa, Azərbaycan!
Eybi yoxdur ölərəm mən,
Sən yaşa, Azərbaycan!
Mən bilirəm Vətənimsən,
Sən yaşa, Azərbaycan!
2019-cu ildə “Traktorsazi”nin adı dəyişdirilərək “Traktor” adı ilə əvəzləndi. Azarkeşlər komandanın adını bir çox hallarda "Tıraxtur", "Traxtur" və ya "Tirəxtur" kimi tələffüz edirlər. Klubun formasındakı qırmızı və ağ rənglərə görə, komandanı “Qırmızı Qurdlar” adlandırırlar. Boz qurd ulartısı isə “Traktor”un oyunlarını keçirdiyi Təbriz stadionunda adi hala çevrilib.
“Traktor” indiyədək Azərbaycan klubları ilə bir oyun keçirib. Amma əsas komandası yox. Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” “Traktorsazi”nin U-23 komandası ilə qarşılaşıb.
Qarşılaşma zirəlilərin qələbəsi ilə başa çatıb: 3:0. Qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurub.
30 il əvvəl isə, 1992-ci ilin oktyabrın 20-də Təbrizdə “Traktorsazi” Azərbaycan yığmasıyla yoldaşlıq, oyunu keçirib. Bu qardaşlıq oyunu 1:1 hesabıyla başa çatıb.
Amma könül istər ki, Bakıda bir qardaşlıq oyununa da şahidlik edək. “Qarabağ”- “Traktor” matçına.
Özü də ən yaxın vaxtda...
Nə deyirsiniz?