Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubialesə qarşı intizam işi açıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rubialesin qadın futbolçu Heniver Hermosonu öpməsi olub. FİFA insanların toxunulmazlığına hörmət etməyə sadiq olduqlarını və buna zidd olan istənilən hərəkəti qətiyyətlə pislədiklərini vurğulayıb.
Qeyd edək ki, avqustun 20-də qadınlardan ibarət İspaniya millisi İngiltərə yığmasını 1:0 hesabı ilə məğlub edib. Bununla da komanda ilk dəfə Dünya Kubokunu qazanıb.
Mükafatlandırma mərasimində Rubiales komandanın kapitanı Hermosoya medal taxıb və futbolçunun dodaqlarından öpüb. Bu, medianın və ispan siyasətçilərinin tənqidinə səbəb olub.
Qalmaqaldan sonra Rubiales üzr istəyib və bunu pis niyyəti olmadan etdiyini bildirib.