Marseldəki oyunla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.
Lent.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.
Fransalı diplomatın sözlərinə görə, oyunun təhlükəsiz şəraitdə baş tutması üçün bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb.
“Həm stadiona daxil olarkən, həm stadionun daxilində, həm də stadionu tərk edərkən bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. İnanıram ki, biz Marseldə həyəcanlı oyuna şahid olacağıq”, - Zakari Qross vurğulayıb.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Marsel”–“Qarabağ” oyununun təhlükəsizliyi ilə bağlı UEFA nümayəndələri ilə görüş keçirib. Qurum rəsmisi bildirib ki, onlayn iclas zamanı təhlükəsizlik və mümkün təxribatların qarşısının alınması məsələsi müzakirə olunub: “Adıçəkilən oyunla bağlı onlayn qaydada videokonfrans formatında görüş keçirilib. Görüşdə AFFA, UEFA, “Qarabağ”, “Marsel” və Fransanın güc strukturlarının nümayəndələri iştirak edib. Müvafiq müzakirələr aparılıb”.
Xatırladaq ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.