FHN-nin idmançıları yüksək nəticəkər qazandı -  FOTO
26 dekabr 2022 15:21 (UTC +04:00)

FHN-nin idmançıları yüksək nəticəkər qazandı - FOTO

Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə Bakı boks mərkəzində gənclər arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib.

FHN-dən Lent.az-a verilən məlumata görə, turnirdə gənclərdən ibarət 58 komandadan 270-ə yaxın idmançı mübarizə aparıb.

FHN-in gənclərdən ibarət boks üzrə komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Qızlar arasında 54 kq çəki dərəcəsində Mələk Hümbətova, 60 kq çəki dərəcəsində Aysu Dərvişova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Oğlanlar arasında isə 60 kq çəki dərəcəsində Ülvi Mirzəyev 3 döyüş keçirərək çempionatın bürünc medalına yiyələnib. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

Çempionatın qalibləri Serbiyada keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcəklər.

Abşeron Olimpiya kompleksində isə Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə gənc və böyüklər arasında taekvondo üzrə ölkə birinciliyi və çempionatı keçirilib.

Çempionatda 74 komanda üzrə 875 idmançı mübarizə aparıb. FHN-in taekvondo üzrə yığma komandasının üzvü, İdman-sağlamlıq klubunun əməkdaşı gizir Elvin Məmmədov +87 kq çəki dərəcəsində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalı təqdim olunub.

Qeyd edilib ki, Elvin Məmmədov taekvondo üzrə Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır.

Bundan başqa, Bakı İdman sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Çempionatda 30-a yaxın komandadan 287 güləşçi öz qüvvəsini sınayıb. Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nailiyyətlər əldə etməyi bacarıb. 74 kq çəki dərəcəsində İsbər Əkbərli, 125 kq çəki dərəcəsində isə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Camal Abdulov 4 döyüş keçirərək çempionatın bürünc medalına yiyələnməyi bacarıblar. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalı təqdim olunub.

Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılarla görüşərək əldə edilmiş nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Arzu Qurbanlı

Oxşar yazılar