Avropanın aparıcı futbol klubları pandemiya məhdudiyyətlərindən sonra gəlirlərini tədricən bərpa edir.
Lent.az bildirir ki, bu barədə “Football Benchmarkt”da dərc olunan hesabatda qeyd edilir.
Mənbənin məlumatına görə, İngiltərə çempionu “Mançester Siti” rekord 731 milyon avro, Çempionlar Liqasının qalibi “Real” Madrid 714 milyon avro qazansa da, kral klubunun xərcləri xeyli artıb. Buna baxmayaraq, “Real” ötən mövsümün sonunda müsbət ərazidə qalıb - onun xalis mənfəəti 13 milyon avro təşkil edib.
“Mançester Siti” ötən mövsüm 49 milyon avro xalis mənfəət əldə edib.
Fransa çempionu PSJ rekord itki ilə üzləşib - 728 milyon avro xərcləyib. Buna səbəb klubun ötən mövsüm Lionel Messi, Canluici Donnarumu, Əşrəf Hakimi kimi futbol ulduzları ilə müqavilə imzalamasıdır. PSJ-nin xalis itkisi 369 milyon avro olub, bu, klub rekordudur.
Müqayisə üçün qeyd edək ki, bu göstəricidə ikinci yerdə qərarlaşan İtaliya “Milan”ının xalis itkisi 67 milyon avrodur. Sonrakı yerdə Türkiyənin “Trabzonspor” klubudur (25 milyon), Hollandiyanın “Ayaks” klubunun itkisi isə 24 milyon avrodur.
PSJ həm də maliyyə feyr-pley qaydalarını pozduğuna görə UEFA tərəfindən kluba tətbiq edilən cəriməni ödəməli olacaq. Bu, 63 milyon avrodur.