Argentinanın sahil sularında iyun ayından bəri 300-dən çox cənub hamar balinasının balası tələf olub.
Lent.az “Live Science” nəşrinə istinadən xəbər verir ki, alimlər kütləvi ölüm hallarına qağayıların səbəb ola biləcəyini düşünürlər.
Dəniz Sistemlərinin Tədqiqi Mərkəzinin (CESIMAR) əməkdaşı Karla Fiorito bildirib ki, balina balalarının ölümünə dəri infeksiyası səbəb olub. Ölü balinaların cəsədlərində xəstəliyin törədicisi olan “Erysipelothrix rhusiopathiae” bakteriyası aşkarlanıb.
Maraqlıdır ki, bu bakteriyaya hələ 2013-cü ildə də hamar balinalarda rast gəlinib. Hazırda alimlər infeksiyanın niyə belə geniş yayıldığını müəyyənləşdirməyə çalışırlar.
Fioritonun ehtimalına görə, balina balalarının kütləvi ölümündə dominikan qağayıları mühüm rol oynamış ola bilər. Son illərdə qida mənbələrinin çoxalması nəticəsində bu quşların sayı artıb. Qağayılar tez-tez balinalara hücum edərək onların kürəyini dimdikləyirlər. Bu zaman bakteriyanın bir yoluxmuş balinadan digərinə keçməsi mümkün ola bilər.
“Erysipelothrix rhusiopathiae” bakteriyası erizipeloid və ya Rozenbax xəstəliyi kimi tanınan infeksiyaya səbəb olur. Xəstəliyin ağır formalarında infeksiya qan vasitəsilə bütün orqanizmə yayıla və həyati əhəmiyyətli orqanları zədələyə bilər.
Balina balaları immun sistemlərinin tam formalaşmaması səbəbindən bu xəstəliyə qarşı daha həssasdırlar. Bundan əlavə, onlar suyun səthində daha çox vaxt keçirdikləri üçün qağayıların hücumuna daha asan məruz qalırlar.
Alimlər kütləvi ölüm hallarının mümkün səbəbləri arasında suyun temperaturunun, duzluluğunun və turşuluğunun dəyişməsini də göstərirlər. Bu amillər infeksiyanın yayılmasını gücləndirə bilər. Bakteriyanın daha təhlükəli yeni ştammının meydana çıxması ehtimalı da istisna edilmir.
Araşdırmalar davam edir. Karla Fiorito xatırladıb ki, “Erysipelothrix rhusiopathiae” bakteriyası insanlar üçün də təhlükəlidir. İnsanlar ölü balinalarla təmas zamanı, həmçinin bakteriya ilə çirklənmiş dəniz suyu vasitəsilə yoluxa bilərlər.
Alimlər ölüm hallarının dəqiq səbəbinin hələ tam müəyyən edilmədiyini vurğulayırlar. Qağayıların infeksiyanın yayılmasındakı rolu hazırda araşdırılan ehtimallardan biridir.