Aqil Abbasın və futbol ekspetlərinin dünya çempionatı ilə bağlı  PROQNOZLARI
19 noyabr 2022 18:22 (UTC +04:00)

Aqil Abbasın və futbol ekspetlərinin dünya çempionatı ilə bağlı PROQNOZLARI

Futbol üzrə dünya çempionatının başlamasına bir gün qalır. Qətərdə keçiriləcək çempionatın favoritləri ilə bağlı dünyanın məşhur futbolçuları, baş məşqçiləri proqnozlarını açıqlayırlar.

Maraqlıdır, Azərbaycanın tanınmış futbol izləyicilərinin, idman jurnalistlərinin  favoritləri hansı komandalardır, hansı komandaya azarkeşlik edəcəklər?

Lent.az onların fikirlərini təqdim edir:

Deputat Aqil Abbas bildirib ki, dünya çempionatında Almaniya millisi qalib gələ bilər.

Onun sözlərinə görə, çünki almanlar 90 dəqiqə yorulmadan oynayırlar və  çox güclüdürlər:

"Azarkeşlik etdiyim komanda həmişə Brazilya millisi olub. Bu dəfə də Brazilya millisinə azarkeşlik edəcəm".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, bu barədə onun heç bir məlumatı yoxdur:

“Dünya çempionatından hələ ki xəbərim yoxdur”. 

Futbol şərhçisi Kənan Hakimovun sözlərinə görə, ilk dəfə fərqli dünya çempionatı olacaq:

"Hər çempionatda adı çəkilən Brazilya, Argentina, Almaniya, İspanya, Fransa və İngiltərə hazırki vəziyyətdə daha öndədirlər. Fikir bildirmək bir qədər çətindir. Yəqin ki, ilk turlardan sonra fikir bildirmək daha rahat olacaq. Düşünürəm ki, bu il futbol tarixinin ən maraqlı dünya çempionatı olacaq".

"Apasport.az" saytının əməkdaşı Ruslan Sadıqov qeyd edib ki, komandaların nisbəti bir-birinə yaxındır:

“Favorit komanda yoxdur. Amma Brazilya, Argentina və Fransa heyətlərinə görə digərlərindən bir qədər fərqlidir. Bu il Argentinaya azarkeşlik edəcəm". 

Futbol eksperti Əliheydər Zeynalzadə bildirib ki, keçirilmə vaxtına görə çox maraqlı yarış izləməli olacağıq:

"Çünki digər bütün mundiallar mövsüm bitəndə, yəni yay aylarında başlayırdı. Hazırki durumda futbolçuların fiziki durumları fərqlidir. Amma, fikrimcə, dünya çempionu Braziliya olacaq. Çünki heyət mövqelər üzrə həm təcrübəlidir, həm də daha kompaktdır. Əslində, azarkeşlik etdiyim komanda İspaniya millisidir, sadəcə yeni nəsildən ibarət heyət yeni qurulur və məncə, növbəti mundialda qalib ola bilərlər".

Futbol şərhçisi Elnur Məmmədlinin fikirlərincə, favoritlər ənənəvi millilərdir:

"Həmişə olduğu kimi, bu mundialda da Braziliya, Argentina, Fransa, İngiltərə, Almaniya kimi komandalar qələbəyə namizədlər sırasında göstərilir. Hansı komandanın qalib gələcəyini indidən demək bir qədər çətindir. İlk turdan sonra artıq yığmaların real gücünü bilmək olacaq".

"Komanda.az" saytının baş redaktoru Rəşad Ergün deyib ki, dünya çempionatında favorit olaraq gördüyü iki komanda var: 

"Fransa və Braziliya millisi. Çempionluqla bağlı proqnoza gəlincə, Fransa millisinin DÇ-2022-nin qalib olacağını düşünürəm. Kifayət qədər güclü, təcrübəli heyətə malikdirlər".

"Qol.az" saytının baş redaktoru Aydın Bağırovun sözlərinə görə, əvvəlcədən nəsə demək çətindir:

"Təcrübə göstərir ki, çempionatdan əvvəl favorit göstərilən komandalar bəzən hədəflərinə nail ola bilməyiblər. Bununla belə, çempionluq uğrunda yarışın Braziliya, Argentina və Fransa komandaları arasında keçəcəyini düşünürəm".

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745
avatar

Arzu Qurbanlı

Oxşar yazılar