Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyini rəsmən elan edib. Turnirin yaranmasının 100 illiyində baş tutacağı üçün tarixi olacaq Dünya Kuboku ilk oyunlarını öz stadionlarında keçirməyə icazə verilən Argentina, Uruqvay və Paraqvay milli komandaları üçün də xüsusi olacaq. Çünki 1930-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edən ilk qitə Cənubi Amerika olub.
Bununla belə, 2030-cu il Dünya Kuboku Mərakeş üçün çox xüsusi ola bilər və təkcə bu ölkənin tarixdə ilk dəfə turnirin ev sahibi olacağına görə deyil, həm də dövlətin başçısı Məhəmmədin yaratdığı möhtəşəm planlara görə. Məsələ burasındadır ki, 60 yaşlı monarx 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməli olacaq planetin ən böyük futbol stadionunun ölkəsində görünməsi arzusunu ifadə edib.
Mərakeşin nəhəng, ultra müasir futbol arenası qurmaq istəyi ötən ilin payızında məlum olub. Bundan əvvəl ölkədə uzun illər idi ki, Kasablanka ərazisində (Mərakeşin ən böyük və ən sıx məskunlaşdığı şəhər) yeni arenanın tikintisinin nəzərdə tutulduğu barədə şayiələr gəzirdi, lakin son vaxtlara qədər bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb.
2023-cü ilin oktyabrında Mərakeş Kral Futbol Federasiyasının rəhbərləri dekabrda Kasablanka ərazisində yeni stadionun tikintisi ilə bağlı planlaşdırma işlərinə başlanacağını bildiriblər. Prosesin ən azı iki il çəkəcəyi gözlənilirdi, baxmayaraq ki, planlar sonradan düzəldilib və arenanın artıq 2028-ci ildə açılması planlaşdırılır.
Hazırda mövcud olan məlumata görə, kral Kasablankadan 38 kilometr şimalda yerləşən Benslimane əyalətinin El Mansuriya şəhəri yaxınlığında 115 min tamaşaçı tutumuna malik ən müasir stadionun tikilməsini istəyir. Bunun sayəsində “Gran Stade de Casablanca”, tutumuna görə hazırkı lider - Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən “Neungnado May Day” stadionunu üstələyərək dünyada istismarda olan və təyinatı üzrə istifadə edilən ən böyük stadiona çevriləcək. Pxenyandakı stadion 2014-cü ildə yenidənqurmadan sonra 114 min tamaşaçı qəbul edib.
Mərakeş hökuməti iddialı layihənin həyata keçirilməsi üçün ötən ilin payızında artıq müvafiq maliyyə vəsaiti ayırıb. Kasablanka ərazisində ən yeni stadionun tikintisinə 500 milyon dollara yaxın vəsait tələb olunacağı gözlənilir. Lakin qiymətin artacağı istisna edilmir.