Olimpiada-2012: Yunan-Roma güləşçilərimiz qızıl medal qazana bilmədi
07 avqust 2012 18:41 (UTC +04:00)

Olimpiada-2012: Yunan-Roma güləşçilərimiz qızıl medal qazana bilmədi

Azərbaycan yunan-Roma güləşçiləri 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medalsız qalıblar. Lent.az-ın məlumatına görə, avqustun 7-də döşək üzərinə çıxan son klassik güləşçimiz Şalva Qadabadze elə ilk görüşdəcə uduzub.

96 kq çəki dərəcəsində yer alan yaşlı pəhləvan 1/8 finalda rusiyalı Rüstəm Totrovla üz-üzə gəlib. Hər üç hissədə ayaq üstə mübarizədə xal alan olmayıb. İlk hissədə Qadabadze parter vəziyyətində olmasına baxmayaraq, Totrov onu çevirməyə cəhd edərkən, özü əks fəndə düşüb. Beləliklə, güləşçimiz 3:0 hesablı üstünlük əldə edib. İkinci hissədə Qadabadze parter vəziyyətində olan rəqibindən xala ala bilməyib. Bu səbəbdən, Totrov qalib gəlib – 1:0. Üçüncü hissədə isə Qadabadze parter vəziyyətində olub. Amma bu dəfə rusiyalı güləşçi onu çevirməyi bacarıb – 2:0.

Beləliklə, Totrov ¼ finala yüksəlib. Qadabadze isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün uduzduğu rəqibinin finaladək irəliləməsinə ümid etməlidir.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) bürünc medal qazanıb. Həsən Əliyev (60 kq) 5-ci yerlə kifayətləndiyi halda, Saman Tahmasebi (84 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar