Olimpiada-2012: İdmançımız gümüş medal qazandı
05 avqust 2012 23:50 (UTC +04:00)

Olimpiada-2012: İdmançımız gümüş medal qazandı

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında növbəti medalı qazanıb. Lent.az-ın məlumatına görə, yunan-Roma güləşçisi Rövşən Bayramov gümüş medala sahib olub.

55 kq çəki dərəcəsində çıxış edən pəhləvanımız mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşündə rusiyalı Mingiyan Semyonovu yenib – 1:0, 1:0. Növbəti mərhələdə Bayramov ABŞ təmsilçisi Tomas Spenser Manqonu asanlıqla keçib – 4:0, 4:0. ¼ finalda çinli Şujin Li ilə qarşılaşma da güləşçimiz üçün asan keçib – 3:0, 2:0. Yarımfinalda isə təmsilçimiz cənubi koreyalı Qyujin Çoya qalib gəlib – 1:0, 2:0.

Nəhayət, finalda pəhləvanımız iranlı Həmid Məhəmməd Soryan Reyhanpurla üz-üzə gəlib. İlk hissədə Reyhanpur parter vəziyyətində olan Bayramovu başı üzərindən ataraq 2 xal almağı bacarıb – 2:0. İkinci hissədə güləşçimiz fənd işlətmək istərkən, özü əks fəndə düşüb. Nəticədə iranlı rəqibi ondan daha 1 xal alıb – 1:0. Bununla da Bayramov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında olduğu kimi, finalda uduzaraq, ardıcıl 2 olimpiadanın gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Rövşən Bayramovun bu medalından öncə ölkəmizin aktivində ağırlıqqaldıranımız Valentin Xristovun (56 kq) qazandığı 1 bürünc medal var idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192

Oxşar yazılar