“Neftçi”dən şok qərar
03 avqust 2012 00:05 (UTC +04:00)

“Neftçi”dən şok qərar

“Neftçi” klubu 3 futbolçusunu transferə çıxarıb. Lent.az-ın məlumatına görə, bu barədə komandanın məşqçilər korpusunun təqdimatı əsasında klub prezidenti Sadıq Sadıqov sərəncam verib.

Onlar kapitan Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyevdir. Qərar çıxarılarkən, hər 3 oyunçunun son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınıb.

“Neftçi” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsrailin Kiryat Şmona şəhərini təmsil edən “Hapoel”ə səfərdə böyük hesabla uduzub – 0:4. Bu məğlubiyyətlə əlaqədar Azərbaycan klubu həm biabırçı məğlubiyyətin yaşandığı Hayfa şəhərində, həm də Bakıda toplantı keçirib. Məşqçilər korpusunun klub rəhbərliyi yanında ilk iclasında flaqmanın böyük hesablı məğlubiyyətinin səbəbləri araşdırılıb və S.Sadıqova təqdimat verilib. Avqustun 2-də Bakıya qayıtdıqdan dərhal sonra isə “Neftçi”nin bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. İsrail təmsilçisinə 0:4 hesablı məğlubiyyətə görə futbolçulara ciddi xəbərdarlıq edilib.

Klubun özü isə məğlubiyyətə görə Azərbaycan xalqından üzr istəyib. “Neftçi” cavab görüşündə, eləcə də Avroliqanın "pley-off" oyunlarında öz adına layıq oyun sərgiləyərək, azarkeşlərini sevindirəcəyinə inam ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar