Olimpiada-2012: cüdo yığmamız ippona düşdü
Azərbaycan cüdo yığması 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. Lent.az-ın məlumatına görə, ölkəmizin sonuncu təmsilçisi Elmar Qasımov bürünc medal uğrunda ilk təsəlli görüşündə ippona düşüb.
Özbəkistanlı Ramziddin Sayidovla qarşılaşmada 22 yaşlı idmançımız heç bir fəallıq nümayiş etdirməyib. Görüşün əvvəllərində hakim ona xəbərdarlıq edib. 2 dəqiqədən bir qədər keçmiş Sayidovun tətbiq etdiyi fənd nəticəsində Qasımov kürəyi üstə yerə çırpılıb. Bununla da olimpiadadakı cüdoçular arasında son medal ümidimiz də mübarizəni medalsız başa vurub.
Qeyd edək ki, London olimpiadasında ölkəmizi 6 kişi, 2 qadın cüdoçu təmsil edib. Onlardan Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) 1/8 finalda, İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Halbuki 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdoçularımız 1 qızıl, 1 bürünc medal qazanmışdılar.
Elşən MƏMMƏDOV
1488