Olimpiada-2012: Elmar Qasımov zədəli halda ¼ finala yüksəldi
02 avqust 2012 15:00 (UTC +04:00)

Olimpiada-2012: Elmar Qasımov zədəli halda ¼ finala yüksəldi

Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançı 1/8 finalda gürcüstanlı Levan Jorjoliani üzərində qələbə qazanıb.

Görüş Qasımovun nisbi üstünlüyü şəraitində keçib. Jorjolianinin isə uzun müddət müdafiə olunması hakimlərin diqqətindən yayınmayıb. Nəticədə gürcüstanlı cüdoçuya 2 dəfə xəbərdarlıq edilib. Bu isə həmyerlimizin aktivinə yuko xalının yazılmasına səbəb olub. Qalan bölümdə Jorjolianinin hücum cəhdləri nəticə verməyib. Qasımova da sonda passiv çıxış etdiyi üçün 1 dəfə xəbərdarlıq olunub. Amma bu, yekun nəticəyə təsir etməyib.

Beləliklə, qazaxıstanlı Maksim Rojkovla 1/16 final görüşündə zədələnmiş Qasımov axsamasına baxmayaraq, daha bir rəqibini məğlubiyyətə uğradıb. Onun ¼ finaldakı rəqibi ukraynalı cüdoçunu ipponla yenən cənubi koreyalı Hi-Tae Hvanq olacaq. Hətta uduzsa belə, cüdoçumuz bürünc medal uğrunda təsəlliverici qarşılaşmada iştirak edə biləcək.

Qeyd edək ki, London olimpiadasında Azərbaycanı təmsil edən qalan 7 cüdoçumuzdan heç biri medal qazana bilməyib. Ona görə də bütün diqqətlər Elmar Qasımova yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181

Oxşar yazılar