Nazirlik: “O adamın kim olduğunu ciddi araşdırırıq”
01 avqust 2012 16:06 (UTC +04:00)

Nazirlik: “O adamın kim olduğunu ciddi araşdırırıq”

“Bilet məsələsi ilə bağlı informasiya bizə çox pis təsir etdi. İlk növbədə ona görə ki, burada Azərbaycanın adı səslənir və bu, ölkəmizin adına çox xoşagəlməz hadisədir. Tam əminliklə deyə bilərəm ki, rəsmi nümayəndə heyətinin tərkibinə daxil olan heç keç bu işlə məşğul olmayıb”. Bu açıqlamanı APA-ya Londondan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.

Onun sözlərinə görə, rəsmi nümayəndə heyətinə yarışları izləmək üçün verilən biletlərin sayı məhduddur: “Nümayəndə heyətinə verilən biletlərin sayı kiminsə o bileti götürüb satmasına imkan vermir. Bura gələn nümayəndə heyətinin üzvləri çox gözəl anlayır ki bilet satılması qanunazidd hərəkətdir və bunu edəcəyimiz təqdirdə müəyyən problemlər yarana bilər. Hətta açılış mərasimində rəsmi nümayəndə heyətinin tərkibində 50-yə yaxın şəxs olsa da, cəm 19 bilet verilmişdi. Sonra çox böyük cəhdlərdən sonra biletlərin sayı bir neçə ədəd artırıldı. Yəni, bizim rəsmi nümayəndə heyətindən heç kəs deyilən işi görməyib”.

Səmayə Məmmədova bildirib ki, Olimpiada yarışlarına biletlərin satış onlayn olaraq həyata keçirilir: “Ola bilər ki, kimsə onlayn yolla bilet alıb və yarışa gedib. Yarış vaxtı görüb ki idmançı məğlub olub, o da artıq yarışda qalmaq istəməyib və biletini satıb. İstənilən halda biz həmin adamın kim olduğunu çox ciddi şəkildə araşdırırıq. Bilmək istəyirik ki, o adam kimdir və niyə gedib kassadan, bilet satılan yerdən bileti alıb və bu bileti satmağa başlayıb? Amma mən bunu tam əminliklə deyə bilərəm ki həmin şəxs nümayəndə heyətinin üzvü deyil”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu məsələdən şou düzəltmək, sosial şəbəkələrdə gülüş obyektinə çevirmək cəhdləri olub: “Bunu nəzərə almaq lazımdır ki, biz harada olsaq da, ilk növbədə azərbaycanlıyıq. Sosial şəbəkələrdə bu məsələni iyrənc vəziyyətə salıb gülən insanlar Azərbaycanı sevməyən, ölkənin ən xırda uğurlarına görə məyus olan insanlardır. Belə bir məqamda Azərbaycanı dəstəkləmək əvəzinə özünü bu cür aparmaq xoşagəlməz haldır”.

Qeyd edək ki, Britaniyanın "Sky News" televiziyası Londonda Azərbaycan rəsmi nümayəndə heyəti üzvlərinin Olimpiya yarışlarına qanunsuz şəkildə bilet satdıqları haqda reportaj yayımlayıb. Televiziya iddia edib ki, gizli çəkiliş vasitəsilə Azərbaycan rəsmilərinin Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satdığını aşkara çıxarıblar.

Televiziyanın reportyoru bildirib ki, özünü Azərbaycanın Gənclər və İdman Nazirliyinin əməkdaşı kimi təqdim edən bir kişi qara bazarda “pulsuz” biletlər satır. Biletlər avqustun 3-ə planlaşdırılan yüngül çəkidə boks yarışlarını izləmək üçündür. Üzərində “Azərbaycan Olimpiya Komitəsi” yazılmış biletlərin qiyməti 20 funtdur. Britaniya qanunlarına görə, “qara bazar”da Olimpiya Oyunlarına bilet satan şəxsi 20 min funt cərimə və 6 ay həbs cəzası gözləyir. London polisi 29 nəfəri Olimpiya biletlərini alıb yenidən satdığına görə həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar