Olimpiada-2012: Bu gün Olimpiya Oyunlarının açılışıdır
27 iyul 2012 20:00 (UTC +04:00)

Olimpiada-2012: Bu gün Olimpiya Oyunlarının açılışıdır

Bu gecə 2012-ci il London Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, iyulun 27-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 28 iyul gecə saat 1:00-da) başlanacaq mərasimlə olimpiadaya rəsmən start veriləcək.

Açılış şousunun detalları

4 illiyin ən mötəbər idman yarışının təşkilatçıları hər dəfə əvvəlki olimpiadanın açılışından fərqli mərasim keçirmək üzərində baş sındırırlar. Britaniyalıların buna nə dərəcədə nail olduqları tezliklə müəyyənləşəcək. Tədbirin ssenarisi gizli saxlanılır. Amma zaman-zaman mətbuata hansısa informasiyalar sızır.

Beləliklə, artıq məlumdur ki, mərasimin sonunda əfsanəvi Pol Makkartni çıxış edəcək. O, “Bitlz” qrupunun hiti sayılan “Hey Jude” mahnısını ifa edəcək. Olimpiada himninin müəllifi isə Britaniyanın məşhur “Muse” qrupudur. Bu qrup “Survival” mahnısını yazıb.

Ən məşhur ingiltərəli futbolçu Devid Bekhem isə ona hansısa rolun verildiyini açıqlayıb. Lakin o, rolun nədən ibarət olduğunu açıqlamayıb: “Bu, olimpiya məşəlinin yandırılması deyil”.

Açılış mərasiminin büdcəsi 27 milyon funt təşkil edəcək. Şounun quruluşçu rejissoru “Oskar” mükafatının sahibi Denni Boyldur. Boyl “Xarabalıqdan olan milyonçu”, “İynədə” filmlərinin müəllifidir.

London olimpiadasının açılış mərasimi “Möcüzələr adası” adlanır. Mərasim zamanı İngiltərənin tarixi haqqında danışılacaq. Şouda aktyorlardan əlavə, keçilər, inəklər, qoyunlar, toyuqlar, qazlar, atlar və itlərdən istifadə olunacaq.

Açılışa bir neçə gün qalmış təşkilatçılar mərasimi yarım saat qısaltmalı olublar. Bu isə tamaşaçıların şoudan sonra evlərinə ictimai nəqliyyatla çata bilməyəcəkləri təhlükəsinə görədir. Təntənəli tədbiri canlı olaraq, 80 minədək insan görə biləcək. Dünyada isə televiziya ilə 4 milyardadək insan açılışı izləyəcək.

Mərasimlər tarixindən


Olimpiya Oyunlarının ilk açılış mərasimi 6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada 80 min insanın iştirakı ilə gerçəkləşib. Həmin mərasimdə iki olimpiya ənənəsinin əsası qoyulub: Olimpiadanı təşkilatçı dövlətin başçısı açıq elan edir və olimpiya himni ifa olunur. İlk açılış nitqini Yunanıstanın o zamankı kralı I Georq səsləndirib. Spiros Samaras və Kostis Palamasın yazdığı olimpiya himnini isə 150 nəfərdən ibarət xor səsləndirib.

Açılış mərasimində idmançıların paradı ilk dəfə 1908-ci ildə məhz Londonda baş tutub. Tribuna önündən 18 yığma komanda keçib. Komandalar öz ölkələrinin bayrağını aparıblar. Komandaların stadiona çıxma ardıcıllığı İngilis əlifbası ilə tənzimlənib.

1920-ci il Antverpen olimpiadası mərasimə olimpiya andı və olimpiya bayrağı bəxş edib. Olimpiya ideallarına sədaqət andını açılış mərasimində səsləndirmək və olimpiya bayrağının dizaynı – ağ fonda 5 müxtəlif halqa ideyaları Pyer de Kubertenə məxsus olub. Həmin olimpiadanın açılış mərasimindən 5 gün sonra bayraq oğurlanıb. Lakin polislər bir müddət sonra onu stadiona qaytarmağa müvəffəq olublar.

Oyunların daha bir mütləq ritualı - olimpiya məşəlinin yandırılma mərasimi ilk dəfə 1928-ci ildə Amsterdamda baş tutub.

Olimpiadanın açılışı ildən-ilə daha geniş miqyaslı və əzəmətli tədbirə çevrilir. Nəticədə şounun təşkilinə ayrılan büdcənin həcmi artır. Ssenarilərin işlənilib hazırlanmasına ən yaxşı rejissorlar, ssenaristlər, xüsusi effektlər üzrə mütəxəssislər cəlb olunurlar. Şou-biznesin dünya şöhrətli ulduzları, aktyorlar, musiqiçilər, top-modellərin iştirakı artıq mütləqləşib. Açılış mərasimi səhnələşdirilmiş təqdimatla başlayır. Bu teatr tamaşaçılara ölkənin və olimpiadanın keçirildiyi şəhərin simasını təqdim etməli, onun tarixi və mədəniyyəti ilə tanışlığa şərait yaratmalıdır.

Məxsusi olaraq, Oyunlar üçün himnlər bəstələnir. Dünyada əsl hitə çevrilən və milyonlara tirajlanan ilk belə himn 1988-ci ildə Freddi Merkuri və Mayk Moranın yazdığı “Barcelona” mahnısı olub. Mahnını Merkuri və İspaniyanın məşhur opera aktrisası Monserrat Kabalye ifa edib. Duet 1988-ci il Barselona olimpiadasında olimpiya bayrağının Seuldan Kataloniya paytaxtına gətirilməsinə həsr olunmuş mərasimdə çıxış edib. Barselona olimpiadasının Təşkilat Komitəsi və İspaniya Milli Olimpiya Komitəsi mahnını 1992-ci il Oyunlarının himni sayıblar. Lakin açılış mərasimi zamanı mahnının səs yazısı ifa olunub. Çünki olimpiadaya bir il qalmış Merkuri ölüb, təşkilatçılar isə ifanı başqa birisinə etibar etməyiblər. Həmin olimpiadanın açılış mərasimi dünyada ən rəngarəng və qeyri-adi tədbir kimi əlamətdar olub. İndiyədək heç kim həmin Oyunlardakı kimi orijinal məşəl yandırma üsulunu geridə qoya bilməyib. İspaniyalı paralimpiyaçı-oxatan Antonio Rebelyo stadionun mərkəzindən yanar oxla kasanı dəqiq nişan alıb.

Məşəlin yandırılmasının orijinal üsulunu 2000-ci il Sidney olimpiadasının tərtibatçıları da icad ediblər. Həmin vaxt avstraliyalı atlet Keti Frimen suyu “yandırıb”. Bir andan sonra alov stadionun kasasında şölələnib.

2004-cü il Afina olimpiadasının açılışı zamanı stadion hovuza çevrilib və Egey dənizinin təsviri yaranıb. Tamaşaçılar Yunanıstanın antik tarixinin şahidi olublar.

Ən miqyaslı açılış mərasimi 2008-ci il Pekin olimpiadasında gerçəkləşib. Şouda 15 min insanın xidmətindən istifadə olunub. Mərasimin tərtibatçısı məşhur çinli rejissor, “Uçan xəncərlər evi” və “Qəhrəman” filmlərinin müəllifi olub. Açılış və bağlanış mərasimlərinin büdcəsi 100 milyon dollar təşkil edib.

Azərbaycan: 15 növdə 53 idmançı


Sayca XXX dəfə keçiriləcək Yay Olimpiya Oyunlarında 204 ölkədən 10500 idmançı 302 dəst medal uğrunda mübarizə aparacaq. Azərbaycanı 15 növdə 53 idmançı təmsil edəcək:

1. Güləş (13 idmançı) - sərbəst güləş: Toğrul Əskərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Camaləddin Maqomedov (120 kq), yunan-Roma güləşi: Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Emin Əhmədov (74 kq), Saman Tahmasebi (84 kq), Şalva Qadabadze (96 kq), qadın güləşi: Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (55 kq)

2. Boks (8 idmançı): kişilər: Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacıəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq); qadın: Yelena Vıstropova (75 kq)

3. Cüdo (8 idmançı) - kişilər: İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq); qadınlar: Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq)

4. Ağırlıqqaldırma (6 idmançı) - kişilər: Valentin Xristov (56 kq), Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi 69 kq), İntiqam Zairov (94 kq), Veliçko Çolakov (+105 kq); qadın: Boyanka Kostova (58 kq)

5. Atletika (3 idmançı) - kişilər: Dmitri Marşin (çəkicatma), Hayle İbrahimov (5000 metr məsafəyə qaçış); qadınlar: Layeş Abdullayeva (3000 metr məsafəyə maneələrlə qaçış), Layeş Abdullayeva (5000 metr məsafəyə qaçış)

6. Kanoe (3 idmançı) - Sergey Bezuqlıy - Maksim Prokopenko (1000 m), Valentin Demyanenko (200 m)

7. Akademik avarçəkmə (2 idmançı) – kişi: Aleksandr Aleksandrov (2000 m); qadın: Nataliya Mustafayeva (2000 m)

8. Taekvondo (2 idmançı) – kişi: Ramin Əzizov (80 kq), qadın: Fəridə Əzizova (67 kq)

9. Üzgüçülük (2 idmançı) – batterflay: Yevgeni Lazuka (100 m), brass: Oksana Hətəmxanova (100 m)

10. İdman gimnastikası (1 idmançı) - fərdi çoxnövçülük: Şakir Şıxəliyev

11. Bədii gimnastika (1 idmançı) - fərdi çoxnövçülük: Aliyə Qarayeva

12. Velosiped idmanı (1 idmançı) - veloşosse: Yelena Çalıx

13. Atçılıq (1 idmançı) – konkur: Camal Rəhimov

14. Qılıncoynatma (1 idmançı) – sablya: Səbinə Mikina

15. Atıcılıq (1 idmançı) – güllə atıcılığı: İradə Aşumova (10 metr, 25 m).

Açılış mərasimində nümayəndə heyətimizin bayraqdarı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə yeganə qızıl medalı qazandırmış cüdoçu Elnur Məmmədli olacaq. Təntənəli mərasimədək futbol və oxatma yarışlarına start verilib.

Qeyd edək ki, XXX Yay Olimpiya Oyunlarına avqustun 12-də yekun vurulacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar