Avropa Liqası: “Neftçi” tək qaldı...
27 iyul 2012 01:23 (UTC +04:00)

Avropa Liqası: “Neftçi” tək qaldı...

Futbol üzrə Avropa kuboklarında Azərbaycanı təmsil edən daha iki klub mübarizəni dayandırıb. Lent.az-ın məlumatına görə, bu dəfə “İnter” və “Xəzər Lənkəran” klubları Avropa Liqasının II təsnifat mərhələsində məğlubiyyətə düçar olublar.

Hərçənd, “İnter” Yunanıstan “Asteras”ına yalnız penaltilər seriyasında uduzub. Baş məşqçi Kaxaber Tsxadadzenin komandası ilk görüşdə olduğu kimi səfər matçında da əsas vaxtı heç-heçə ilə tamamlayıb – 1:1. Hesabı 68-ci dəqiqədə “Asteras”ın futbolçusu Ximo Armero açıb. Lakin 88-ci dəqiqədə “İnter”in oyunçusu Tales Şuts ilk görüşdə olduğu kimi, qol vurub. Danimarkalı baş hakim Lars Kristoferson tərəfindən əlavə olunan 30 dəqiqəlik bölümdə isə heç bir komanda fərqlənə bilməyib. Bu səbəbdən, penaltilər seriyasına müraciət olunub. İlk zərbəni yerinə yetirən “Asteras”ın oyunçusu topu qapının üstündən vurub. “İnter”in hesabda önə keçmək üçün əla fürsət yaxaladığı bir vaxtda yeni transfer Slavço Georgiyevskinin zərbəsi də qapının xeyli üstündən keçib. Yunanıstan komandasının növbəti 4 zərbəsi dəqiq olduğu halda, Azərbaycan təmsilçisinin növbəti yeni transferi Hayns Barmettler də fərqlənə bilməyib. Bu halda Baçana Tsxadadze ilə Daniel Genovun dəqiq zərbələri heç nəyi dəyişdirməyib. “Asteras” penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək, Avroliqanın III təsnifat mərhələsinə yüksəlib. “İnter” isə 2010-2011-ci il mövsümündə olduğu kimi, yenə penaltilər seriyasında mübarizəni dayandırıb. Fərq ondadır ki, həmin vaxt Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan klubu “lotereya”larla Polşa “Lex”inə yenilmişdi.

“Lex” indi “Xəzər Lənkəran”dan üstün olub. İlk görüşdə 1:1 hesablı heç-heçəyə nail olan Poznan komandası evdə minimal hesabla qalib gəlib – 1:0. Yeganə topu 15-ci dəqiqədə Aleksandr Tonev vurub. Qalan dəqiqələrdə Lənkəran təmsilçisi bərabərlik qoluna nail ola bilməyib. Əvəzində 90-cı dəqiqədə “ağ-yaşıllar”ın kapitanı Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, “Lex” iki oyunun nəticəsində mərhələ adlayıb. Bu klub 2008-2009-cu il mövsümündə UEFA Kubokunun I təsnifat mərhələsində də “Xəzər Lənkəran”dan üstün olmuşdu – 1:0, 4:1.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan Kubokunun sahibi “Bakı” Sloveniya “Mura”sına uduzaraq, (0:0, 0:2) mübarizəni dayandırıb. Qitəmiqyaslı turnirlərdəki təmsilçilərimizdən yalnız “Neftçi” çıxışlarını davam etdirəcək. Flaqman Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” (Kiryat Şmona) komandası ilə üz-üzə gələcək. Hətta uduzsa belə, Azərbaycan çempionu Avroliqanın “pley-off” mərhələsində yarışacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar