Püşk atıldı: Elnur Məmmədlinin olimpiadada ilk rəqibləri bilindi
26 iyul 2012 19:59 (UTC +04:00)

Püşk atıldı: Elnur Məmmədlinin olimpiadada ilk rəqibləri bilindi

2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb. Lent.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycanı təmsil edəcək 6 kişi və 2 qadın cüdoçunun ilk rəqibləri müəyyənləşib.

Əvvəlcə mübarizəyə kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparacaq İlqar Müşkiyev qatılacaq. O, iyulun 28-də 1/16 final mərhələsindən etibarən tatami üzərinə çıxacaq. Müşkiyevin ilk rəqibi Tobias Enqlmayer – Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaq.

Ertəsi gün 66 kq çəki dərəcəsindəki təmsilçimiz Tərlan Kərimov ilk görüşünü 1/32 finalda rusiyalı Musa Moquşkova qarşı keçirəcək.

İyulun 30-da 73 kq çəkidəki Rüstəm Orucov 1/16 finalda Gideon van Zilə (CAR), qadın cüdoçularımızdan Kifayət Qasımova (57 kq) 1/8 finalda Kaori Matsumoto – Vesna Cukiç (Sloveniya) cütünün qalibinə qarşı mübarizə aparacaq.

İyulun 31-də olimpiya çempionumuz Elnur Məmmədlinin 81 kq çəkidə ilk görüşü 1/32 finalda kanadalı Antuan Valua-Fortieyə qarşı olacaq. Qələbə təqdirində, Məmmədli növbəti mərhələdə böyük britaniyalı Euan Bartonla üz-üzə gələcək. Daha bir qadın cüdoçumuz Ramilə Yusubova (63 kq) isə 1/16 finalda türkmənistanlı Gülnar Hayıbayeva ilə görüşəcək. Qələbə təqdirində, Yusubova cənubi koreyalı Da-Vun Yanqla üz-üzə gələcək.

İyulun 1-də Elxan Məmmədov (90 kq) 1/16 finalda almaniyalı Kristof Lambertlə, iyulun 2-də isə Elmar Qasımov (100 kq) qazaxıstanlı Maksim Rakovla görüşəcək.

Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırmış Elnur Məmmədli London olimpiadasının açılış mərasimində yığmamızın heyətimizin bayraqdarı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar