Əflatun Amaşov: “İdman mətbuatında şantaj və reketçilik baş verərsə...”
23 iyul 2012 11:56 (UTC +04:00)

Əflatun Amaşov: “İdman mətbuatında şantaj və reketçilik baş verərsə...”

“İdman mətbuatının digər sahə jurnalistikasının kölgəsində qalması fikri ilə razı deyiləm”. Bunu Lent.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun fikrincə, iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə mətbu orqanlara nəzərən, ölkəmizdə idman mətbuatı kifayət qədər inkişaf edib. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar fəaliyyət göstərir. Lakin Ə.Amaşov hesab edir ki, xarici ölkələrin idman jurnalistikası ilə müqayisə etdikdə, ölkəmizin idman jurnalistikası öz üzərində kifayət qədər işləməli, ixtisaslaşma dərinləşməlidir: “Əgər deyilənlər bu istiqamətdə həyata keçirilsə, əminəm ki, idman jurnalistikası həmişə olduğu kimi özünün öncüllüyünü saxlaya biləcək”.

Mətbuat Şurasının sədri idman mətbuatında şantaj və reketçilik meyllərinə də toxunub. Ə.Amaşov rəhbərlik etdiyi qurumun missiyasının bu cür meyllərin qarşısını almaqdan ibarət olduğunu söyləyib: “İdman jurnalistikası jurnalistikanın tərkib hissəsidir. Növündən asılı olmayaraq, hansısa sahədə etik normalara əməl olunmursa, Mətbuat Şurası həmin hallara qarşı mübarizə aparır, araşdırır və aradan qaldırılmasına çalışır. Əlbəttə, əgər idman jurnalistikası sahəsində belə hallar baş verərsə, yəqin ki, bu sahədə də müəyyən tənzimləyici rolu oynaya bilərik”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar