Avropa Liqası: 1:1 vurdular
20 iyul 2012 10:29 (UTC +04:00)

Avropa Liqası: 1:1 vurdular

Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” Polşa “Lex”i, “İnter” isə Yunanıstan “Trans”ı ilə ev matçlarından eyni hesablı heç-heçə ilə ayrılıblar – 1:1.

Həm Lənkəran şəhər Mərkəzi stadionunda, həm də Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilmiş görüşlərdə ilk qolu meydan sahibləri vurublar. “Xəzər Lənkəran” “Lex”lə matçın hələ 4-cü dəqiqəsində hesabı açıb. Adrian Pitin cərimə nöqtəsindən “asma”sını qəbul edən Ruslan Abışov rəqib qapısına zərbə endirib. “Lex”in müdafiəçisi topu qapı xəttindən çıxarsa da, özünü yetirən Branimir Subaşiç ardıcıl üçüncü oyunda qol vurub. Qoldan sonra yağış yağmağa başlayıb. Amma bu amil futbolçuların meydanda gərgin mübarizəsinə, azarkeşlərin isə tam doldurduqları tribunadan aramsız dəstəyinə təsir etməyib. Əvəzində “Lex” 19-cu dəqiqədə hesabı bərabərləşdirib. Artıq bir neçə dəfə cinahla yer ötürmələrini yoxlayan polşalıların növbəti cəhdindən sonra “Xəzər Lənkəran” müdafiəçilərinin çatmadıqları topa Matyuş Mozdzen Kamran Ağayevin qoruduğu qapının uzaq küncünə göndərib – 1:1.

Bu hesab o qədər də münasib olmadığından, meydan sahibləri yenidən qol vurmaq üçün irəli atılıblar. “Ağ-yaşıllar”ın heyətində Sadio Tounkara daha fəal təsir bağışlayıb. Baş məşqçi Yunis Hüseynov isə hücum xəttində daha da canlanma yaratmaq üçün Rendall Breneslə Rikardo Qomeşi meydana buraxıb. Lakin “Xəzər Lənkəran”ın səyləri nəticə verməyib. Hətta 90-cı dəqiqədə “Lex”in futbolçusu Simon Drevnyakın ikinci sarı vərəqə ilə meydandan qovulması da qələbə topunu vurmaq üçün yetərli olmayıb. Beləliklə, Poznan komandası Lənkəranda istədiyi nəticəyə nail olub.

“İnter” isə “Asteras”la hesabı ikinci hissənin başlanğıcında açıb. 46-cı dəqiqədə Tales Şuts Ruslan Əmircanovun cinah ötürməsini baş zərbəsi ilə rəqib qapısından keçirib. Amma bundan 9 dəqiqə sonra Yunanıstan təmsilçisi hesabı bərabərləşdirib. “Asteras”ın yerinə yetirdiyi autdan sonra elə Əmircanovun ayağından çıxan top Fernando Useronun önünə düşüb. Usero isə yaxın məsafədən dəqiq zərbə endirib – 1:1. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bu görüşdə gözlənilmədən 2 hücumçunu – oğlu Baçana Tsxadadze ilə yeni transfer Haynts Barnettleri ehtiyatda saxlayıb və sonadək meydana buraxmayıb.

Qeyd edək ki, cavab görüşləri iyulun 26-da olacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar