“Qəbələ”də gözlənilməz istefa
18 iyul 2012 01:01 (UTC +04:00)

“Qəbələ”də gözlənilməz istefa

Qəbələ Futbol Akademiyasının direktoru Ali Yavaş istefa verib. Lent.az-ın məlumatına görə, 2008-ci ilin noyabrından akademiyaya rəhbərlik edən məşhur türkiyəli mütəxəssisin “Qəbələ” klubundakı fəaliyyəti sona çatıb.

Ailə problemlərini əsas gətirən Yavaşın istefası klub rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycana gələrək kollektivlə vidalaşan mütəxəssis “Qəbələ”nin saytına açıqlamasında deyib: “Qəbələ”də keçirdiyim 4 il mənim üçün çox xoş oldu. Klubun akademiyasını qurduq, uşaq futbolda xeyli yeniliklər etdik, müəyyən uğurlar qazandıq. Artıq akademiya ölkənin ən yaxşılarından birinə çevrilib. Təsadüfi deyil ki, aşağı yaş qrupları üzrə yığmalara ən çox futbolçu verən məhz bizim klubdur. İnanıram ki, “Qəbələ” tutduğu düzgün yola bundan sonra daha sürətlə davam edəcək və daha böyük uğurlar qazanacaq. Mən isə klubdan ayrılmaq məcburiyyətindəyəm. Mənim üçün nə qədər çətin olsa da, artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm. Ailə problemlərim ucbatından çox sevdiyim Qəbələ və Azərbaycandan ayrılmalı oldum. İstefamı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.

Akademiya direktoru istefa versə də, onunla birlikdə Azərbaycana gələn məşqçilər heyəti – Halim Fıçıcı, Rəcəp Yazıcı və Uğur Kurt işlərinə davam edəcəklər. Yavaş onlara da uğurlar arzulayıb: “Mən ayrılsam da, komandam burdadır. Onlara uğurlar arzu edir və birlikdə başladığımız işi yüksək səviyyədə başa çatdıracaqlarına inanıram. Mən də mümkün qədər bu yolda klubumuza əlimdən gələn köməyi göstərməyə davam edəcəyəm. İmkan düşdükcə Qəbələyə gəlib-getməyə çalışacağam”.

“Qəbələ” Ali Yavaşa 4 illik fəaliyyəti üçün təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar