Çempionlar Liqası: “Neftçi”dən möhtəşəm qələbə!
18 iyul 2012 00:53 (UTC +04:00)

Çempionlar Liqası: “Neftçi”dən möhtəşəm qələbə!

“Neftçi” klubu futbol üzrə Çempionlar Liqasında mübarizəyə möhtəşəm qələbə ilə başlayıb. Lent.az-ın məlumatına görə, flaqman II təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan çempionu “Zestafoni”ni darmadağın edib.

Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilmiş qarşılaşmaya Azərbaycan çempionunu köməkçi-məşqçi Tərlan Əhmədov çıxarıb. Bu, baş məşqçi Böyükağa Hacıyevin səhhətindəki problemlərlə bağlı olub. Start heyətində “Neftçi”nin yeni transferlərinin əksəriyyəti – Brunu Bertuççi, Rəşad Sadiqov, Culius Vobay, Dieqo Kanales və Erik Ramos yer alıb. Yalnız Saşa Yunisoğlu ikinci hissədə meydana daxil olub.

İlk dəqiqələrdən topa hakim olan “Neftçi” irəli atılıb, top rəqibdə olduğu vaxt isə pressinq tətbiq etməyə başlayıb. Yeni transferlər də uğurlu təsir bağışlayıb. 22-ci dəqiqədə məhz Kanalesin başla ötürməsindən sonra müdafiəçilər arasından çıxan İmamverdiyev ələ keçirib və “Zestafoni”nin qapıçısı Roin Kvasxvadze ilə təkbətək çıxıb. Gənc yarımmüdafiəçi fürsətdən layiqincə yararlanıb – 1:0. Bundan 2 dəqiqə keçməmiş İmamverdiyevin ötürməsindən sonra gürcü müdafiəçidən dönən top Vobayın önünə düşüb. Syerra-leoneli hücumçu sol ayağı ilə qapıya qüvvətli və dəqiq zərbə endirib – 2:0.

Fasilədən sonra “Neftçi” oyunda tempi aşağı salıb. Amma hər halda 63-cü dəqiqədə Kanales rəqib qapısı qarşısındakı anlaşılmazlıqdan sonra yekun hesabı müəyyənləşdirib – 3:0. “Zestafoni” sona doğru təsəlli qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib. Əlavə olunmuş dəqiqələrdə qapıçı Rauf Mehdiyev təhlükəli zərbəni dəf etməyi bacarıb. Beləliklə, “Neftçi” tarixində ilk dəfə Avropa kuboklarında böyük hesabla qalib gəlib. Bu qələbə flaqmanın III təsnifat mərhələsinə yüksəlmə şanslarını xeyli artırıb.

Qeyd edək ki, cavab görüşü iyulun 24-də Gürcüstanın Zestafoni şəhərindəki David Abaşidze adına stadionda keçiriləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635

Oxşar yazılar