UEFA-dan AFFA-ya 780 min avro
14 iyul 2012 14:45 (UTC +04:00)

UEFA-dan AFFA-ya 780 min avro

UEFA 2011-2012-ci il mövsümündə Avropa kuboklarında təmsil olunan ölkələrin milli futbol federasiyalarına və qrup mərhələlərində iştirak etmiş klublara ödədiyi məbləği açıqlayıb. Lent.az-ın məlumatına görə, ödənişlərin siyahısı təsnifat mərhələsi və qrup mərhələsi üzrə ayrıca göstərilib.

Təsnifat mərhələsində çıxış edən klublara çatacaq vəsait cəm halında milli federasiyalara, qrup mərhələsindəki komandaların pulu isə onların özlərinə verilib. Siyahıya əsasən, UEFA AFFA-nın hesabına 780 min avro köçürüb. Bu məbləğin böyük hissəsi “Qarabağ”a çatacaq. Çünki Ağdam komandası ötən mövsüm Avropa Liqasında III təsnifat mərhələsinədək irəlilədiyi halda, “Neftçi” Çempionlar Liqasının, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsində, AZAL isə Avroliqanın I təsnifat mərhələsində mübarizəni dayandırıb.

Ən çox vəsait – 1 milyon 360 min avro Norveç Futbol Federasiyasına çatıb. Sonrakı yerdə 1,27 milyon avro qazanan Gürcüstan Futbol Federasiyası qərarlaşıb. İsveç 1,14 milyon avro, Serbiya və Slovakiya isə hərəyə 1 milyon avro irəli düşüb.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak etmiş klublara üst-üstə 754 milyon avro, Avropa Liqasının qrup mərhələsində oynayanlara isə 150 milyon 360 min avro ödənilib. ÇL-in qalibi “Çelsi” (İngiltərə) 59 milyon 935 min avro, Avroliqanın qalibi “Atletiko” (İspaniya) 10 milyon 517 min 916 avro qazanıb.

UEFA növbəti 3 mövsümdə klublara ödənişləri 22 faiz artıracağını açıqlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar