Aleksandr Starkov: “Kimin qalib gələcəyini proqnozlaşdırmaq əhəmiyyətsizdir”
22 sentyabr 2011 17:28 (UTC +04:00)

Aleksandr Starkov: “Kimin qalib gələcəyini proqnozlaşdırmaq əhəmiyyətsizdir”

“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov futbol üzrə Unibank Premyer Liqasının VII turunda “Neftçi” ilə keçirəcəkləri oyun haqqında fikirlərini bildirib. Lent.az-ın məlumatına görə, latviyalı mütəxəssis klubun rəsmi veb-televiziyasına müsahibəsində sentyabrın 23-də baş tutacaq qarşılaşmanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Starkovun fikrincə, bu, həm futbolçuların oyuna köklənməsindən, həm də rəhbərliyin yanaşmasından hiss olunur. Baş məşqçi deyib ki, paytaxt derbisində ilk növbədə, xarakter mübarizəsi gedəcək: “Daha mütəşəkkil komanda üstün təsir bağışlayacaq. Belə oyunlarda xırda amillərdən, hətta rəqibin səhvlərindən çox şey asılıdır. Xırda detallarda kim güclü olsa, fikrimcə, o da qalib gələcək”.

“Neftçi” ilə oyuna ciddi hazırlaşdıqlarını deyən 56 yaşlı mütəxəssis meydançada “Bakı”nın xeyrinə olan amillərdən maksimum yararlanmağa çalışacaqlarını deyib: “Hesabın necə olacağını, kimin qalib gələcəyini proqnozlaşdırmaq əhəmiyyətsizdir. “Neftçi” ilə oyuna turnir cədvəli baxımından əlverişli mövqedə çıxacağıq. Çalışacağıq ki, mövqeyimizi qoruyaq, bu oyunda ustalığımızı nümayiş etdirək”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Bakı” matçı saat 18:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar