“Xəzər Lənkəran”dan Mahir Şükürov barədə qərara etiraz
22 sentyabr 2011 14:18 (UTC +04:00)

“Xəzər Lənkəran”dan Mahir Şükürov barədə qərara etiraz

“Xəzər Lənkəran” klubu “Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürova AFFA İntizam Komitəsinin verdiyi 4 oyunluq cəzanın Apellyasiya və Ekspert Komissiyası tərəfindən azaldılmasına etiraz edib. Bu haqda Lent.az-a Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

“Qəbələ”nin kapitanı olan Şükürov avqustun 23-də cəzalanıb. Səbəb Unibank Premyer Liqasının III turunda AZAL-la oyun zamanı onun rəqib futbolçu Zohair Benuahiyə kəllə atması olub. Bundan sonra 3 oyunu buraxan Şükürov “Qarabağ”, “Turan” və “Neftçi” ilə qarşılaşmalarda iştirak etməyib. Amma o, Apellyasiya və Ekspert Komitəsinin qərarından sonra “Xəzər Lənkəran”la sentyabrın 23-də keçirəcəkləri görüşdə “Qəbələ”yə kömək edə biləcək. Nadirov isə bu qərarı düzgün saymadıqlarını bildirib: “Əgər Mahir Şükürovu milli komandanın maraqlarını güdərək, cəzadan azad ediblərsə, klubumuzun müdafiəçisi Elnur Allahverdiyev də yığmamızın üzvüdür. Onu da 1 oyunluq cəzadan azad etsinlər və qarşıdakı turda “Qəbələ”yə qarşı çıxış etsin. Şükürov ötən tur “Neftçi”yə qarşı oynamır, “Xəzər Lənkəran”la matçda isə oynaya biləcək. Biz hesab edirik ki, bu, vacib oyunumuz öncəsi bizə qarşı ayrıseçkilikdir”.

“Xəzər Lənkəran” rəsmisinin fikrincə, “Qəbələ” apellyasiyanı İntizam Komitəsinin qərarından neçə müddət keçəndən sonra yox, nəzərdə tutulan müddətdə verməli idi: “Söhbət Şükürovun ötən tur məhz “Neftçi”yə qarşı oynamamasından getmir. Apellyasiya vermə və baxılma proseduruna əməl olunmalıdır. Mahirin cəzalandırılması barədə qərar avqustun 23-də çıxarılıb. Amma AFFA-nın Apellyasiya və Ekspert Komitəsi üstündən təxminən bir ay sonra qərar qəbul edir. Niyə?”

Lakin Nadirov Şükürovun bağışlanması barədə qərara yazılı formada etiraz etməyəcəklərini əlavə edib: “Sadəcə, mövqeyimizi bildiririk ki, İntizam Komitəsinin qərarı çıxmışdısa, dərhal apellyasiya verilməli və Apellyasiya və Ekspert Komitəsi də buna baxmalı idi. Yoxsa Şükürov 4 oyunluq cəzasının 3-ünü çəkir, 1-dən isə azad olunursa, bu, nə dərəcədə doğrudur?”

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar