“Xəzər Lənkəran” 15 oyundur uduzmur
21 sentyabr 2011 15:53 (UTC +04:00)

“Xəzər Lənkəran” 15 oyundur uduzmur

“Xəzər Lənkəran” özünün məğlubiyyətsiz oyunlar seriyasını Unibank Premyer Liqasının VI turunda da davam etdirib. Lent.az-ın məlumatına görə, səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən baş məşqçi Mirça Rednikin komandası artıq 15 oyundur ölkə çempionatında məğlubedilməzdir.

Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb 7 heç-heçə etməklə məğlubedilməzə çevrilmişdi. “Ağ-yaşıllar” cari mövsümün ilk 6 matçında 5 qələbə qazanıb 1 heç-heçə etməklə seriyanı 15 matça çatdırıb. Məğlubiyyətsiz 15 oyunda Lənkəran komandası 7 qələbə qazanaraq 8 heç-heçə edib və 21 top vurduğu halda cəmi 8-ni buraxıb.

Bu, “Xəzər Lənkəran” tarixində çempionatlardakı 3-cü nəticənin təkrarıdır. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan komanda 2004/2005 və 2009/2010 mövsümlərində də 15 oyun uduzmamışdı. Həmin son 2 nəticəni təkrarlayan cənublular indi rekordları arxada qoymağı hədəfləyib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/2007 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Lənkəran komandası 2007/2008 mövsümünün 11-ci turunda, noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda eyni hesabla uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda “Xəzər Lənkəran”ı udan tapılmayıb.

19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/2006 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. “Xəzər Lənkəran” 2006/2007 mövsümündə 8-ci turda - 2006-cı il oktyabrın 22-də səfərdə “Karvan”a uduzub. Bu 2 yenilgi 19 oyun məğlubiyyətsizliyi əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar