Zlatan İbrahimoviç “Barselona” ilə oyuna yollanmayıb
13 sentyabr 2011 15:13 (UTC +04:00)

Zlatan İbrahimoviç “Barselona” ilə oyuna yollanmayıb

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsində İspaniya “Barselona”sı ilə sentyabrın 13-də keçirəcəkləri ilk matçı buraxmalı olacaq. Lent.az-ın məlumatına görə, isveçli hücumçu Barselonaya səfər öncəsi son məşqdə baldırının gətirici əzələsindən xəsarət alıb.

Bu xəbəri klubun baş direktoru Adriano Qalliani də təsdiqləyib. Lakin o, “İbra”nın yoxluğunu ciddi itki saymayıb: “Mən göz yaşlarımı axıtmağa hazırlaşmıram. Bu, “pley-off” oyunu deyil. Başqaları oynayacaqlar. Pato və Kassano da İtaliya çempionu olub. Bax, onlar oynayacaqlar”.

Digər tərəfdən, İbrahimoviçin zədəsi ciddi deyil. O, bir neçə gün sonra tam qüvvə ilə məşqlərə başlayacaq. İsveçli qolçudan əlavə, braziliyalı Robinyo da zədə üzündən Kataloniya paytaxtına yollanmayıb. Əvəzində komandanın sıralarına dönən Canluka Zambrotta, Klarens Zeedorf və Taye Tayvo “Milan”a kömək edə biləcəklər. “Barselona” – “Milan” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2009-2010-cu il mövsümündə “Barselona”da çıxış edib. Sonrakı mövsüm o, “Milan”a icarəyə verilib. Bu ildən etibarən “rossonyerlər” İbrahimoviçin satış hüququna sahib olublar.
# 523

Oxşar yazılar