“Qarabağ”ın futbolçusu gözündən zədələnib
13 sentyabr 2011 11:52 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu gözündən zədələnib

Ağdamın “Qarabağ” klubunun futbolçusu İlqar Qurbanovun Unibank Premyer Liqasında “Sumqayıt-Şəhər”lə baş tutan V tur qarşılaşmasında erkən əvəzlənməsinin səbəbi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Qurbanov klubun rəsmi saytına açıqlamasında 41-ci dəqiqədə aldığı zərbə nəticəsində sol gözünün qapandığını bildirib.

25 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə oyunu belə davam etdirsə də, sonradan əvəz olunub. O, yerini Bəxtiyar Soltanova verib. Zədəli futbolçu vəziyyəti belə dəyərləndirib: “Həmin anda rəqib futbolçu “buts”unun ucu ilə gözümə zərbə endirdi. Şiddətli zərbə alındı. Əvvəlcə kəskin ağrı hiss etdim. Heç hakim cərimə də qeydə almadı. Bir qədər oyunu belə davam etdirdim. Getdikcə zərbə dəyən gözümün üstü tamamilə örtüldü. Heç nə görə bilmədim. Ona görə əvəzlənməli oldum”.

Sentyabrın 11-də keçirilmiş oyunun ertəsi günü məşq etməyən Qurbanov bu gündən məşqlərə başlayacaq. O, “Xəzər-Lənkəran”la növbəti oyuna qədər tam sağalacağına inam ifadə edib: “Ötən tur heç bəxtimiz gətirmədi. Haradasa 10-a yaxın qol epizodumuz oldu. Elə bir dəfə də mən fərqlənə bilərdim. Amma rəqib qapıçı çox əla oynadı. Düzdür, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Amma belə itkilər də qaçılmazdır. “Xəzər Lənkəran”la oyun maraqlı olacaq. Bizi çətin görüş gözləyir. Rəqib hazırda liderdir. Sürətli futbol sərgiləyir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar