“Bakı” “İnter” və “Barselona” ilə əməkdaşlıq edəcək” – MÜSAHİBƏ - FOTO
07 sentyabr 2011 19:00 (UTC +04:00)

“Bakı” “İnter” və “Barselona” ilə əməkdaşlıq edəcək” – MÜSAHİBƏ - FOTO

5-6 sentyabrda İsveçrənin Cenevrə şəhərində Avropa Klublar Birliyinin (ECA) 7-ci Baş Assambleyası keçirilib. Lent.az-ın məlumatına görə, qitə klublarının ali qurumunun toplantısında Avropanın 140 aparıcı klubunun təmsilçiləri bir araya gələrək müasir futbolun bu günü və gələcəyi barədə geniş müzakirələr aparıblar.

Ölkəmiz Assambleyada "Bakı" futbol klubu ilə təmsil olunub. Tədbir barədə daha ətraflı məlumatı “Bakı”nın Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev klubun rəsmi saytına müsahibəsində verib:

- ECA-nın 7-ci Baş Assambleyası nə ilə əlamətdar oldu?

- Avropa Klublar Birliyi UEFA və FİFA tərəfindən rəsmən tanınan və ildən-ilə inkişaf edən dinamik bir qurumdur. Assosiasiyanın tərkibinə Avropanın aparıcı klubları daxildir. "Bakı" futbol klubu 2009-cu ildən etibarən ECA-nın həqiqi üzvü statusunu qazanıb. ECA bizim üçün Avropaya pəncərə, Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması baxımından əvəzolunmaz bir tribunadır. Bu qurumda kiçik və ya böyük klubun təmsilçiləri arasında fərq qoyulmur, onların hər biri eyni hüquqi statusa malikdirlər. Futbol meydanlarında rəqib olan klublar ildə 2 dəfə ECA bayrağı altında keçirilən Assambleyada bir araya gəlir, problem mövzular ətrafında müzakirələr aparırlar. Bu tədbirlərdə hər klub öz mövqeyini ortaya qoymaq imkanı əldə edir. Toplantılar yüksək demokratik səviyyədə, fərqli fikirlərin daşıyıcılarına qarşı hörmət aurasında keçirilir. 7-ci Assambleyaya gəldikdə, Cenevrədə qitənin 140 aparıcı klubunun təmsilçiləri toplaşmışdı. Onların böyük əksəriyyəti klub prezidentləri ilə təmsil olunurdu. Bundan əlavə Avropa Parlamentinin deputatları, FİFA və UEFA-nın yüksək vəzifəli məmurları da iştirakçılar arasında idilər. Haqqında söhbət gedən toplantı Azərbaycan futbolu və "Bakı" futbol klubu üçün əlamətdar hadisə ilə tarixə qovuşdu. ECA hər il 4 nominasiya üzrə seçilən klubları fərqləndirir. Bu il də istisna olmadı. Avropanın ən güclü klubu "Barselona" (İspaniya), ən yüksək tərəqqiyə nail olan "Braqa" (Portuqaliya), sosial sahədə fəaliyyəti ilə diqqət çəkən "Seltik" (Şotlandiya) və ən müasir standardlara cavab verən yeni futbol akademiyasına qovuşan "Bakı" futbol klubu ali mükafata layiq görüldülər. Bu indiyədək bir Azərbaycan klubuna təqdim olunan ən yüksək mükafatdır.

- Nominasiyalar üzrə seçim necə aparılırdı?

- Namizədlərin müzakirəsi ECA-nın ali orqanı olan İcraiyyə Komitəsi tərəfindən aparılırdı. Təbii ki, hər sahə üzrə bir çox təkliflər var idi. "Bakı" futbol klubunun mükafatçılar sırasında yer almasında həlledici rolu klubumuzun qısa bir müddət ərzində təlim-məşq bazası və futbol akademiyası inşa edib gənc və yeniyetmə futbolçuların ixtiyarına verilməsi, görülən işlərin dünya səviyyəli yüksək keyfiyyəti və cəmi 7 yaşı olan bir klubun futbolun gələcəyinə yönəlmiş məqsədli investisiyalar qoyması oynadı. ECA nümayəndələrinin "Bakı" futbol klubunun dəvəti ilə ölkəmizə səfər etməsi, onların Azərbaycan və "Bakı" futbol klubu haqqında topladığı məlumatlar, real vəziyyətin qymətləndirilməsində əvəzsiz xidmət göstərdi. Təkcə onu qeyd etmək kifayətdir ki, avqust ayının sonlarında İcraiyyə Komitəsində aparılan müzakirələr zamanı "Bakı" yekdil rəylə nominasiyanın qalibi seçildi. Bu böyük bir uğurdur. Klubumuzun fəaliyyətinə belə yüksək qiyməti verən insanlar dünya futbolunun ən nüfuzlu şəxsləri sırasında yer alırlar. ECA və "Bavariya" (Bavariya) klubunun prezidenti cənab Karl Haynts Rummenige, "Barselona" klubunun prezidenti cənab Sandro Rosell, "Milan" klubunun vitse-prezidenti Umberto Qandini, Real" Madrid klubunun prezidenti Florentino Peres, "İnternasionale" klubunun prezidenti Umberto Paolillo, "Porto" klubunun prezidenti Dioqo Brandao, "Mançester Yunayted" klubunun idaər heyətinin sədri Deyvid Gill kimi klub rəhbərlərini "Bakı"nın namizədliyini dəstəkləyərək klubumuzun bu fəxri trofeyə layiq görülməsini təmin ediblər. Mən adıçəkilən şəxslərə "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və Azərbaycan futbolsevərləri adından dərin təşəkkürümü bildirməklə bərabər klubumuzun gələcək planları barədə ətraflı məlumat verdim. Dövlət başçımız, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən futbola verdiyi böyük dəstək barədə ətraflı söhbət etdim. Azərbaycanın 2020-ci il Yay Olimpiya oyunlarına ev sahibliyinə namizəd ölkələr sırasında yer alması barədə informasiyanı toplantı iştirakşılarının diqqətinə çatdırdım. Bu xəbər gur alqışlarla qarşılandı. Bu mənim üçün xüsusi qürur mənbəyi idi.

- İştirakçısı olduğunuz tədbir beynəlxalq əlaqələrin möhkəmlənməsi baxımından hansı əhəmiyyəti daşıyırdı?

Daha əvvəl qeyd etdiyim kimi ECA-da böyük və ya kiçik klub anlayışı yoxdur. Futbola qayğı göstərən, onu inkişaf etdirən hər bir klub rəhbəri layiqli yerdə qərar tutur. Bu baxımdan klubumuzun prezidenti Hafiz Məmmədovun fəaliyyəti müxtəlif mövzular əsnasında dəfələrlə qeyd olundu. Cənab Rummenige şəxsi hörmətini və atəşin salamlarının çatdırılmasını rica etdi və mən bu missiyanı böyük fəxarət hissi ilə yerinə yetirdim. Beynəlxalq əlaqələr baxımından "Bakı" futbol klubunun Azərbaycan futbolu tarixində yeni bir səhifə açdığını tam əminliklə söyləyə bilərəm. "İnternasionale", "Barselona", "Porto", "Tottenhem Hotspur" klublarının prezidentləri ilə görüşlərdə klublarımız arasında sıx əlaqələrin yaradılması, xüsusən də, uşaq və yeniyetmə futbolunun inkişafı sahəsində əməkdaşlıq barədə qarşılıqlı razılıq əldə olundu. Əminəm ki, bu gənc futbolçularımız üçün yeni üfüqlər açacaq. Biz aparıcı Avropa klublarından olan həmkarlarımızın bol təcrübəsindən yararlanıb, gənc futbolçularımızın səviyyəcə yeni müstəvidə yetişməsində inamlı addımlar atırıq. Sonda onu qeyd etmək istərdim ki, 140 aparıcı klubun təmsil olunduğu toplantıda yüksək mükafata layiq görülmək, bü trofeyi əfsanəvi Karl Haynts Rummenigenin əlindən qəbul etməyi bir Azərbaycanlı klub nümayəndəsi kimi həyatımın ən dəyərli anlarından biri kimi dəyərləndirirəm. Bu mükafat klubumuzun beynəlxalq imici və ictimai məsuliyyətini daha da artırmış olur, gələcək fəaliyyətimizin aparıcı Avropa klubları səviyyəsində qurulmasını tələb edir. Əminəm ki, klub prezidentimizin hərtərəfli dəstəyi qarşıda duran vəzifələrin həllində öz pozitiv sözünü deyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar