“Bakıya mütləq avarçəkmə bazası lazımdır” - FOTO
26 avqust 2011 17:15 (UTC +04:00)

“Bakıya mütləq avarçəkmə bazası lazımdır” - FOTO

Bu gün gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Seqed şəhərindəki dünya çempionatında çıxış etmiş kayak və kanoe üzrə Azərbaycan milli komandası ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov və federasiyanın texniki direktoru Leyla Əliyeva da iştirak ediblər.

Nazir əvvəlcə yığmamızın hər bir üzvünü ayrıca təbrik edərək, 1 qızıl, 3 gümüş medal qazanan kanoeçilərimizin nailiyyətini yüksək qiymətləndirib: “Biz sizin iştirakınızla keçirilən bütün yürüşləri izləmişik. Sevincimizin həddi-hüdudu yoxdur. 1 qızıl, 3 gümüş medalla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya da qazanmağınız hamımızı sevindirir. Ölkəmizdə yeni-yeni idman növlərində uğurlar qazanılmağa başlayıb. İnanırıq ki, London olimpiadasında medalların sayı daha çox olacaq. Bu il ərzində qazandığınız 18 medal həqiqətən də böyük nəticədir. Avarçəkmə növlərində qısa müddətdə əldə olunan irəliləyişlər bizləri sevindirməyə bilməz”.

Qızıl medal qazanan Valentin Demyanenkoya “afərin” deyən nazir “Sizin üzərində alov təsvirli qayığınızın finiş xəttini birinci keçməsini gördükdə inanılmaz dərəcədə sevinc hissi keçirdik. Himn çalınanda, bayrağımız ucalanda keçirdiyimiz unudulmaz hissləri anlatmaq çətindir. Qələbə qazandığınız vaxt sevincimizdən qışqırırdıq. Belə uğurlar millətimizin qələbə ruhunu artırır” söyləyib. O, Sergey Beziqlıy – Maksim Prokopenko duetinin 2 gümüş medal qazanmasını da yüksək nəticə adlandırıb. A.Rəhimov hər üç idmançımızın böyük qüvvə sərf etdiklərini və parlaq mübarizə apardıqlarını qeyd edib. Yeniyetmə yaşlarında olmalarına baxmayaraq böyüklər arasında 500 metr məsafəyə yürüşdə 12-ci olan Tamerlan Mustafayev – Mirnazim Cavadov duetinin də yaxşı göstəriciyə imza atdığını bildirib. O, gələn həftə akademik avarçəkmə üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında çıxış edəcək Natalya Mustafayeva və Aleksandr Aleksandrova da ümid bəslədiyini söyləyib.

A.Rəhimov avarçəkmə növlərinin maddi-texniki bazasının yüksəldiyini vurğulayaraq, qayıqların, avarların və digər avadanlıqların müasir tələblərə cavab verdiyini qeyd edib. O, konsept və trenajor ləvazimatlarının sayının artırılacağını vurğulayıb. Nazir ilin sonunda avarçəkənlərin əməyinin yüksək qiymətləndiriləcəyini əlavə edib.

AMAF prezidenti Elçin Zeynalov 2007-ci ildən fəaliyyətə başlayan federasiyanın 5 il ərzində müəyyən nailiyyətlər qazandığını söyləyib. O, 2011-ci il ərzində böyüklərin mübarizəsində avarçəkənlərimizin 18 medal artıq qazandıqlarını diqqətə çatdırıb. Yeniyetmə və 23 yaşadək avarçəkənlərimizin də müəyyən uğurlara imza atdıqlarını deyən E.Zeynalov bunu yeni nəslin yetişməsi ilə əlaqələndirib. Federasiya prezidentinin fikrincə, ötən il Mingəçevirdə “Kür” Olimpiya Mərkəzi istifadəyə verildikdən sonra avarçəkmə növlərində əldə olunan nəticələr göz qabağındadır. O, idmançıların şəraitinin yaxşılaşdığını söyləyərək, qazanılan nailiyyətlərdə yeni baza amilinin rolunu vurğulayıb. Bununla belə, E.Zeynalov Bakıda avarçəkmə bazasının olmamasına diqqət yönəldib: “Avarçəkmə növlərində qazanılan nailiyyətlər, Mingəçevirlə müqayisədə Bakıda qat-qat çox əhalinin yaşaması belə bir bazanın olmasını zəruri edir. Çoxlu valideyn bizə müraciət edərək, övladlarını avarçəkmə bölmələrinə yazdırmaq istədiklərini bildirir. Görülən işlər bu idman növünü populyarlaşdırıb”.

Federasiya prezidenti London olimpiadasına hazırlığın 2011-ci ildən başlanacağını və qazanılan lisenziyaların sayını gələn ilədək daha da artırmaq imkanlarının olduğunu söyləyib.

A.Rəhimov isə qaldırılan məsələyə belə reaksiya verib: “Hazırda Bakı buxtasında və dənizkənarı parkda intensiv işlər görülür. Bulvar genişləndirilir. Aparılan tikinti işləri içərisində belə bir yer tapmaq çətindir. Bayılda tikiləcək Gənclər Evinin yanında yüngül konstruksiyalı və müvəqqəti bir baza salmaq olar. Bəli, Bakıya mütləq avarçəkmə bazası lazımdır. Paytaxtda da belə bir bazanın olacağına ümid edirik. Bu, Bakıya, dənizkənarı parka gözəllik verəcək. Eyni zamanda, cənab prezidentin sərəncamına əsasən, Neftçalada olimpiya kompleksi tikilməyə başlasa, orada əvvəllər mövcud olan avarçəkmə bazasını da bərpa etmək imkanı var”.

Kayak və kanoe üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Kolıbelnikov bu ilki hazırlıq planında hər şeyin öz qaydasında getdiyini söyləyib: “Çox xoşdur ki, federasiya rəhbərliyi və sizin nazirliyin gördüyü işlərə müvafiq olaraq nəticələr vermişik. Ümidvaram ki, gələn il də belə olacaq”.

Elşən MƏMMƏDOV
# 897

Oxşar yazılar