Ramin Musayev: “Hər üç klubumuzdan qələbə gözləyirəm”
13 iyul 2011 13:42 (UTC +04:00)

Ramin Musayev: “Hər üç klubumuzdan qələbə gözləyirəm”

“Avropa kuboklarında bu gün və sabah oyun keçirəcək hər üç klubumuzdan qələbə gözləyirəm”. Bu sözləri Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev (PFL) deyib.

İyulun 13-də “Neftçi” Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo” ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Avropa Liqasındakı təmsilçilərimiz “Xəzər Lənkəran” və “Qarabağ” isə iyulun 14-də Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşünü keçirəcəklər. Lənkəran komandası İsrailin Təl Əviv şəhərində “Makkabi”nin, ağdamlılar isə Farer adalarında “Streymur”un qonağı olacaqlar. Musayevin fikrincə, bu oyunlarda klublarımızın qələbə qazanmaları tam mümkündür: “Niyə də yox? Futbolda mümkün olmayan heç nə yoxdur”.

PFL prezidenti avqustun 6-da start götürəcək Unibank Premyer Liqası öncəsi son Azərbaycan çempionu “Neftçi” ilə NBC Bank Azərbaycan Kubokunun qalibi “Xəzər Lənkəran” arasında Superkubok matçının təşkilinin klublardan asılı olduğunu söyləyib: “Əgər “Neftçi” və “Xəzər Lənkəran” klubları razılıq versələr, çempionat öncəsi belə bir oyunu təşkil edə bilərik”.

Amma Premyer Liqada çıxış edəcək klubların tərkibi tam dəqiqləşməyib. Hazırda “Muğan”ın I divizionda çıxış edəcəyi, əvəzində “Simurq”un Premyer Liqada qalacağı barədə xəbərlər dolaşır. Lakin Musayev bu klubların heç birindən müvafiq sənəd almadığını deyib: “Gərək “Muğan” mənə I divizionda, “Simurq” isə Premyer Liqada oynamaq istədiyini rəsmən bildirsin ki, biz də bu barədə qərar verək. Amma əlimizdə heç bir sənəd olmadan necə açıqlama verim?”

PFL prezidenti növbəti mövsümün də “6-lıq” sistemi ilə keçiriləcəyini, lakin reqlamentdə cüzi dəyişikliyin mümkünlüyünü dilə gətirib. Lakin o, dəyişikliyin nədən ibarət olacağını açıqlamayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar