Əsrin layihəsi apasport.az-da!!!
30 may 2011 12:19 (UTC +04:00)

Əsrin layihəsi apasport.az-da!!!

Ötən ilin sonlarında apasport.az saytı olaraq Azərbaycan futbolunun 100 illiyinə həsr olunan xüsusi layihə hazırlamışdıq. Məqsədimiz 2011-ci ilin ilk günündən start götürən sorğu ilə futbolumuzun 1 əsrlik tarixinin rəmzi yığmasını qurmaq idi. Bu böyük yubileyə məhz bu yolla töhfə vermək niyyətində idik. Bunu bacardıq da. Beləliklə, 100 ilin rəmzi komandasını birgə seçdik.

Vədimizə əməl etdiyimiz kimi, ötən gecəyədək poçt, internet-poçt və telefonla redaksiyamıza daxil olan variantları qəbul etdik. Mayın 29-u saat 00:00-da başa çatan səsvermənin nəticələrini əvvəlcədən elan etdiyimiz kimi, mayın 30-da açıqlamaq vədimizi yerinə yetiririk.

Bunu iyunun 6-da “Buta Palace”da 100 illiklə bağlı möhtəşəm tədbirdən 1 həftə öncə açıqlamağımız da təsadüfi deyil. Axı AFFA tərəfindən müsbət qarşılanan, futbol ictimaiyyətinin alqışladığı bu layihənin qalibləri, yəni, əsrin yığması həmin tədbirdə də təqdim olunacaq.

Hər halda, Azərbaycan idman mətbuatının öncüllərindən olduğumuzu nəzərə alıb, 100 illikdən kənarda qala bilməzdik. Bu üzdən də çoxsaylı səsləri hesablamaq bizə əziyyət deyil, zövq verdi. Əslində, bu səsvermə bizi müsbət mənada təəccübləndirdi. Çünki respondentlərin belə fəallığını ağlımıza da gətirməzdik. Elə bu fəallığın nəticəsidir ki, ilkin varianta müəyyən əlavə etdik.

Yox, 4-4-2 sistemi ilə təşkil olunan və baş məşqçisi də seçilən “Əsrin yığması” layihəsinə heç bir düzəliş edilmədi. Edilə də bilməzdi. Çünki oxucularımızın, futbol ictimaiyyətinin fikirlərinə əməl etməli idik.

“Əsrin yığması”

Qapıçı: Sergey Kramarenko.

Müdafiəçilər: Yaşar Babayev, Əsgər Abdullayev, Vladimir Bruxti, Rəşid Özbəyov.

Yarımmüdafiəçilər: Səməd Qurbanov, İqor Ponomaryov, Nazim Süleymanov, Əli Rəhmanov.

Hücumçular: Anatoli Banişevski, Ələkbər Məmmədov.

Baş məşqçi: Əhməd Ələsgərov.

Ancaq təbii ki, “Əsrin yığması”na hamı düşə bilməzdi. Bu üzdən bir çoxları yüksək sayda səs toplasa da, heyətdə yer ala bilmədi. Bunu da nəzərə alaraq, kənarda qalanlardan təşkil olunan “Əvəzedici komanda” da qurduq. Bu isə layihəmizin ilkin variantına əlavə idi, dəyişiklik yox.

Bu komandada “Əsrin yığması”ndan fərqli, hansısa taktiki düzülüşə deyil, 1 qapıçı və 10 sahə oyunçusu prinsipinə üstünlük verdik. Meydanda yer alanlar ampluasından asılı olmayaraq, ən çox səs toplayanlar oldu.

Qapıçı: Aleksandr Jidkov

Müdafiəçilər: Adil Babayev, Tərlan Əhmədov, Rəşad Sadıqov, Yaşar Vahabzadə

Yarımmüdafiəçilər: Asif Əliyev, Yunis Hüseynov

Hücumçular: Kazbek Tuayev, İsgəndər Cavadov, Vəli Qasımov, Maşallah Əhmədov

Baş məşqçi: Ağasəlim Mircavadov

Beləliklə, apasport.az saytı 100 illik yubileyin, yəni futbolumuzun bir əsrinin layihəsinə yekun vurdu. Artıq neçə illərdi beynimizdə olan və gününü gözləyən bu ideyanın gerçəkləşməsində respondentlərimizin də əməyi böyükdür.

Onlarsız apasport.az-ın layihəsi olan bu şəxsi ideyamı həyata keçirmək mümkünsüz idi. Bu üzdən də futbolumuzun 100 illiyində səs verməklə pay sahibi olanların hamısına təşəkkür edirik. Layihəmizə müsbət yanaşıb, diqqət ayıran oxucularımızın da əməyi danılmazdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar