“Xəzər Lənkəran”ın məqsədi Avropa Liqasında tarix yazmaqdır” - MÜSAHİBƏ
27 may 2011 14:47 (UTC +04:00)

“Xəzər Lənkəran”ın məqsədi Avropa Liqasında tarix yazmaqdır” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi

- “Xəzər Lənkəran”ın bu mövsümkü çıxışı klub rəhbərliyini nə dərəcədə qane etdi?

- Klub prezidenti qarşımızda həm çempionluq, həm də kuboku qazanmaq məqsədini qoymuşdu. Fikrimcə, komandamız bu tapşırığın öhdəsindən qismən də olsa, gəlməyi bacardı. Çempionatın gümüş medalını və ölkə kubokunu qazandıq. Bu da özünə görə bir nailiyyətdir. Nəzərə alsaq ki, baş məşqçimiz Mirça Rednik komandada yeni idi, bir il ərzində heyətdə ciddi islahatlar aparılmışdı, demək, komandamız istədiyinə nail oldu.

- Rednik mövsümün gedişində bir sıra riskli addımlar atdı, xeyli futbolçunu heyətdən kənarlaşdırdı. Baş məşqçi bu barədə sizə raportlar təqdim edəndə onu icra etməkdən narahat deyildiniz?

- Həmin islahatların nəticəsidir ki, “Xəzər Lənkəran” həm çempionat boyunca, həm də kubok oyunlarında gözəl, baxımlı oyun nümayiş etdirir, uğurlu nəticə əldə edir, azarkeşlərini sevindirirdi. Transfer siyasəti də uğurlu alındı. Bu mövsüm “Xəzər Lənkəran”a dəvət olunan futbolçular, demək olar ki, özlərini doğrultdular. Klubumuz qış transfer dövründə eksperimentə əl atdı. Heyətə bir neçə oyunçunu müvəqqəti dəvət etdik. Onlardan bizi qane edənlərlə müqavilə bağladıq. Mövsüm başa çatdıqdan sonra komandamızdan 8 legioner ayrıldı. Qeyd etdiyim kimi, əslində bir qisminin müqaviləsi müvəqqəti idi, yəni, onlarla yayadək bağlanmışdı. Saxlamalı olsaydıq, gərək uzun müddətə yeni anlaşma əldə edəydik. Yəni, bu baxımdan, bizə həm maddi, həm də digər anlamda ziyan olmadı.

- 8 futbolçudan əlavə, yenə heyətdən kənarlaşdıracağınız oyunçular olacaq?

- Hazırda yox. Peşəkarlıq baxımından, bu qərar mövsümün axırıncı oyunundan sonra açıqlanmalı idi. Onların hər biri ilə görüşdük, minnətdarlığımızı bildirdik və özlərinə klub tapmağı tövsiyə etdik. Bir qismi ilə müqaviləsi başa çatdığı üçün, bir qismi ilə də qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.

- Heyətinizdə saxladığınız rumıniyalı legionerlərdən bəziləri, məsələn, Adrian Skarlatake və Andrey Mureşan “Xəzər Lənkəran”a 6 aylıq icarəyə götürülənlərdir. Onlarla yeni müqavilə bağlanılacaq?

- Qışda heyətimizə cəlb etdiyimiz legionerlərin heç biri ilə uzunmüddətli müqavilə bağlamamışdıq. Bu da futbolçular üçün bir motivasiya idi. Yəni, yayadək özlərini göstərsinlər, hansı layiqli olsa, onunla müqavilə uzadılsın. Əlbəttə, komandada saxladığımız futbolçularla yeni müqavilə imzalanacaq və onlar “Xəzər Lənkəran”ın tam hüquqlu üzvü olacaqlar.

- Müqavilə müddətini uzatmadığınız Hristu Kyaku və transferə çıxardığınız Elvin Begiri demək olar ki, sabit oynayırdılar. Onların göndərilməsi barədə baş məşqçinin verdiyi raport klub rəhbərliyi üçün gözlənilməz olmadı?

- Bu, baş məşqçinin qərarıdır və biz də onun işinə qarışmırıq. Əgər Rednik belə qərar veribsə, demək, həmin oyunçular onun istəyinə uyğun gəlməyib.

- Komandaya kuboku alması qarşılığında fantastik məbləğdə, yəni 500 min dollar mükafat vəd olunmuşdu...

- Bilirsiniz, öz tərəfimizdən mükafatın məbləğini ictimaiyyətə açıqlamaq həm etik baxımdan, həm də futbolçularla bağlanılan müqaviləyə əsasən düzgün deyil. Onlara klub tərəfindən ödənilən məbləğ konfidensial olmalıdır. Əlbəttə, klub prezidenti komandanı mükafata layiq görüb. Mətbuatda bəzi rəqəmlər səslənir. Bunlar reallığı əks etdirmir. Klubumuzda bir sistem, bir mexanizm var. Bu, neçə illərin mexanizmidir. Futbolçunu stimullaşdırma, motivasiya etmə kimi məsələlər mövcuddur. Amma burada konkret hansısa məbləği açıqlamaq olmaz.

- Avropa Liqasındakı hədəfiniz nədən ibarət olacaq?

- Ən böyük arzumuz Avroliqada Azərbaycanı layiqincə təmsil etmək, gözəl nəticələr əldə etmək, yeni nailiyyətlərlə tarix yazmaqdır. Məqsədimiz Avropa Liqasının qrup mərhələsinə düşməkdir. Bu vəzifə klub rəhbərliyi tərəfindən komandanın qarşısına qoyulub.

- Buna nail ola biləcəksiniz?

- Məncə, bu gün klubumuzda yetərincə səviyyəli oyunçular, güclü məşqçi heyətimiz var. Bu tapşırıq üzərində işləyib-çalışsaq, hər şey mümkündür.

- Yay transfer dövründə heyətinizə daha səviyyəli, ulduz futbolçular transfer edəcəksiniz?

- Hər bir transfer dövründə səviyyəli transferlər edirik. Ötən yay komandamıza Uinston Parks kimi futbolçu gəldi. Qışda Culius Vobayı transfer etdik. Yenə də səviyyəli futbolçu transferi üzərində işləyəcəyik. Transfer məsələsi elədir ki, bunun üzərində ilboyu iş gedir, analizlər aparılır.

- Baş məşqçinizlə müqaviləyə yenidən baxılacaq?

- Mirça Redniklə hələ bir il müqaviləmiz var. Rumıniya mətbuatında onun adından bir sıra həqiqətə uyğun olmayan fikirlər dərc olunur. Guya 250 min mükafat alıb, Avropa Liqasının qrup mərhələsinə vəsiqə təqdirində 1 milyon da alacaq. Onu deyə bilərəm ki, Rednik gələrkən, “Xəzər Lənkəran”la 2 illik müqavilə bağlayıb. Aydın məsələdir, həmin müqavilənin özünəməxsus şərtləri var. Klubumuzun prezidenti Rednikin fəaliyyətindən çox razıdır. Hətta bir müddət öncə bu barədə söhbət olmuşdu, orada da bildirilmişdi. Biz növbəti qələbələri əldə etmək üçün Redniklə davam edəcəyik.

- Avropa Liqasına hazırlıq prosesinə nə vaxt başlayacaqsınız və təlim-məşq toplantısını harada keçirəcəksiniz?

- Çox güman ki, toplanışımız iyunun 16-dan sonra başlayacaq. Hər il olduğu kimi, Avropa ölkələrinə üz tutacağıq. 2005-ci ildən “Xəzər Lənkəran” Avropa kuboklarına “köhnə qitə”də hazırlaşır. Ora həm legionerlərin gəlməsi, həm də yoldaşlıq oyunları üçün münasibdir. Yəqin ki, toplanışı ya Avstriyada, ya da Almaniyada keçirəcəyik.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar