Teymur Rəcəbov: “Saat dayandı, hərdən belə də olur”
10 may 2011 12:37 (UTC +04:00)

Teymur Rəcəbov: “Saat dayandı, hərdən belə də olur”

Lent.az-ın məlumatına görə, Məmmədyarov israilli Boris Gelfanda əsas partiyalarda uduzub – 1,5:2,5.

Rəcəbov isə sabiq dünya çempionu, rusiyalı Vladimir Kramniklə başa-baş mübarizə aparıb. Əsas partiyalardan sonra hesab bərabər olub – 2:2. “Tay-breyk”lərdə sürətli şahmat yarışında da 2:2 hesablı heç-heçə qeydə alınıb. 5 dəqiqədən ibarət ilk blits-partiyada Rəcəbov qalib gəlib. İkinci partiyanın sonluğunda qrossmeysterlərin saatı batareyasının “yatması” üzündən dayanıb. Bu zaman Kramnikin 21, Rəcəbovun 12 saniyəsi qalıbmış. Həmyerlimiz yarımfinala çıxmağa daha yaxın imiş. Lakin batareyanın dəyişməsi şahmatçımızın ziyanına olub. Rəcəbov səhvə yol verib və hesab bərabərləşib. Əlavə iki partiya isə Kramnikin qələbəsi və heç-heçə ilə nəticələnib. Beləliklə, iki şahmatçımızdan heç biri yarımfinala çıxa bilməyib. Növbəti mərhələdə Vladimir Kramniklə həmyerlisi Aleksandr Qrişuk, Boris Gelfandla ABŞ təmsilçisi Qata Kamski üz-üzə gələcək.

Rəcəbov jurnalistlərə açıqlamasında saatla bağlı problemin Kramnikə məğlubiyyətinə səbəb kimi göstərməyib. O, turnir təşkilatçılarına hər hansı iradının olmadığını bildirib: “Saat dayandı, hərdən belə də olur. Üstündən basanda qırıla da bilər. Qrossmeysterlər kimi güclə üstündən vuranda istənilən mexanizmin başına gələ bilər”.

Kramnik isə saatın zəngin praktikası ərzindən heç vaxt belə halla üzləşmədiyini açıqlayıb. Onun sözlərinə görə, fasilə müddətində şanslarının qalmadığını düşünüb: “Mənim sadəcə, bəxtim gətirdi. Saatı tələblərə uyğunlaşdırmaq lazımdır ki, sınmasınlar”.

14-cü dünya çempionu Rəcəbov haqda da xoş sözlər deyib: “Oyun bərabər səviyyədə gedirdi. Mənim, sadəcə, bəxtim gətirdi. Gərgin mübarizə alındı. Bu, həyatım boyu ən çətin oyunlardan idi. Teymur gözəl hazırlaşmışdı. O, karyeramda ən çətin rəqiblərdən idi. Mən xoşbəxtəm. Amma Rəcəbova necə ağır olduğunu da başa düşürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar