Berti Foqts: “Bakı”nın bazası “Bavariya”nın, “Qəbələ”ninki isə “Mançester Yunayted”in bazasından geri qalmır” - MÜSAHİBƏ
22 aprel 2011 15:24 (UTC +04:00)

Berti Foqts: “Bakı”nın bazası “Bavariya”nın, “Qəbələ”ninki isə “Mançester Yunayted”in bazasından geri qalmır” - MÜSAHİBƏ

- İlk olaraq Almaniyadakı toplanış və testlə bağlı fikirlərinizi bilmək istərdik...

- Almaniyada olduğumuz müddətdə 3 dəfə məşq etmişik. Əsas məqsədimiz bütün futbolçuları tibbi testdən keçirmək idi. Testin cavabları mənim üçün çox maraqlıdır. Əvvəlcədən qeyd edim ki, testdən çox razı qaldım.

- Artıq millinin futbolçuları üçüncü dəfədir ki, tibbi testdən keçirlər. Əvvəlkilərlə müqayisədə sonuncu test necə təsir bağışladı?

- Testin keçirilmə metodunda ciddi dəyişiklik yoxdur. Sözsüz ki, əsas dəyişiklik testin nəticələrində özünü büruzə verəcək. Nəticələri bilmədən əvvəlkilərlə fərqin nədən ibarət olduğunu deyə bilmərəm. Məhz cavablardan sonra futbolçuların sürətinin, dözümlülüyünün və sair fiziki göstəricilərinin necə olduğu ortaya çıxacaq. İndiki testin nəticələrini əvvəlkilərlə müqayisə edəcəyəm. Bundan sonra daha çox nəyin üzərində çalışacağımızı müəyyənləşdirəcəyik. Bununla bağlı həm futbolçularla, həm də klublarla danışıqlar aparacağam. Daha çox nələrin üzərində çalışmalı olduqlarını bildirəcəyəm.

- Testin nəticələrindən asılı olaraq, çatışmazlıqların aradan qaldırılması üçün klublarda hansı işlər görülməlidir?

- Futbolçuların daha da inkişaf etmələri istiqamətində işlər görülməlidir. Millinin məşqçisi kimi futbolçuları hər gün görmürəm, məşq keçmirəm. Klublarla söhbətimizin əsas mövzusu da məhz bu olacaq ki, futbolçuları daha yüksək səviyyəyə çatdıraq. Əgər hansısa klub buna şərait yaratmırsa, o zaman futbolçu özü öz üzərində işləməlidir. Məşqdən sonra qalıb əlavə məşqlər etməlidir, formasını artırmalıdır. Bunu ilk növbədə özləri üçün etməlidirlər.

- Bakıda olduğunuz müddətdə bir neçə klubun bazasına getdiniz, məşqlərini izlədiniz. Eyni zamanda aşağı yaş qruplarından ibarət yığmaların məşqlərində oldunuz. Klublarımızdakı mövcud şəraiti necə dəyərləndirərdiniz?

- İlk növbədə, bizi dost kimi qəbul etdiklərinə görə klublara öz minnətdarlığımı bildirirəm. Bir daha azərbaycanlıların qonaqpərvərliyinin şahidi oldum. “Bakı”da, “Neftçi”də, “Qəbələ”də gördüklərimdən çox razı qaldım. “Bakı”nın bazası “Bavariya”nın bazasından heç də geri qalmır. “Qəbələ”də bu istiqamətdə ciddi işlər görülür, akademiya tikilir, meydançalar salınır, stadion inşa edilir. Onların layihələri ilə tanış olmuşam. Məncə, hazır olduqdan sonra “Mançester Yunayted”in bazasından geri qalmayacaq. “Neftçi” klubunda ailəvi atmosfer var. Dünyanın heç bir klubunda bu cür mehriban münasibət görməmişəm. Futbolçuları, bütün işçiləri bir ailə kimidir. Biz bu yolu davam etdirsək, sözsüz ki, Azərbaycan futbolu inkişaf edəcək. Klublarda mənimlə həmfikir olan insanlar çox idi. Bizə bir neçə il lazımdır ki, Avropada orta səviyyəli futbol oynaya bilək. Bu, 1-2 ilə düzələn məsələ deyil. Bu istiqamətdə işlər davam etdirilsə, mən gələcəyi çox müsbət görürəm.

- Klublarla görüşlər davam etdiriləcəkmi?

- Əlbəttə, bu, mənim işimdir. Bakıya gələn kimi klublarla görüşəcəyəm, bazalarına baş çəkəcəyəm. Oyunçular özlərinə qarşı yaxşı mənada təzyiq olduğunu hiss etməlidirlər. Biz həm gənc nəslin inkişafına yardım etməli, həm də tələbkar olmalıyıq. Fürsətdən istifadə edib həm AFFA-ya, həm də klublara öz minnətdarlığımı bildirirəm. Klublar çempionatın qızğın vaxtında futbolçularının 3 günlük tibbi testdən keçmələrinə imkan yaratdılar. Bu onu göstərir ki, bu sahədə çalışan insanlar Azərbaycan futbolunun inkişafını istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar