“Voleybolçumun çılpaq şəkilləri məni maraqlandırmır” - MÜSAHİBƏ
30 mart 2011 14:06 (UTC +04:00)

“Voleybolçumun çılpaq şəkilləri məni maraqlandırmır” - MÜSAHİBƏ

- “Rabitə”nin Çempionlar Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- Fikrimcə, “Rabitə” bu il Çempionlar Liqasında çox böyük uğur əldə etdi. Çünki tam yeni komandamız ilk dəfə idi ki, Avropanın ən nüfuzlu klub turnirində çıxış edirdi. Çempionlar Liqasında ikinci yer indiyədək Azərbaycan voleybolunda qazanılan ən yüksək nailiyyətdir. Bu, şəxsi fikrimdir. Başqalarının nə dediyi məni maraqlandırmır.

- Sanki komandamız finalda özünə bənzəmirdi. Bu, nə ilə bağlı idi?

- Ola bilsin, yarımfinalda İtaliya “Skavolini”si ilə keçirdiyimiz gərgin oyunda yorğunluğumuz öz sözünü dedi. Amma unutmayaq ki, “Vakıfbank Günəş Sığorta” 3-4 ildir ki, stabil heyətlə oynayır. Çempionlar Liqasında bu mövsüm bir oyunda belə uduzmayıblar. Həqiqətən də güclü rəqib idi. Bəlkə də final oyununu daha yaxşı keçirə bilərdik. Lakin komandanın nə zaman yaxşı, nə zaman pis oynayacağını öncədən demək olmur. Hər halda, ikinci yer də böyük nəticədir.

- “Rabitə”nin heyətində milliləşdirilmiş Natalya Məmmədova istisna olmaqla, qalanları legionerlərdir. Bu qədər əcnəbiyə güvənməyiniz nə ilə əlaqədardır?

- Bu, təkcə bizdə yox, Azərbaycanın digər klublarında da belədir. Hər komandada 1-2 yerli voleybolçu var. Bu isə mənə aid məsələ deyil. Yəqin ki, azərbaycanlı voleybolçuların çatışmamasını səviyyəli yerli voleybolçuların azlığı ilə əlaqələndirmək olar. Bilmirəm, Azərbaycanda gənc voleybolçulardan ibarət komandalar varmı? Hər halda Serbiyada voleybolçu hazırlığı ilə məşğul olan məktəblər yetərincədir.

- Bəs hazırkı heyəti gücləndirməyi düşünmürsünüz?

- Avropada çox güclü klublar var. Onlar daim inkişaf edirlər. Belə klublarla rəqabətə davam gətirmək üçün “Rabitə” daha da gücləndirilməlidir. Təbii ki, əgər komandada qalası olsam. Çünki hazırkı müqaviləm mayda başa çatır. Bu məsələyə klub rəhbərliyi ilə görüşümdən sonra aydınlıq gələcək.

- Adətən, müqavilənin başa çatmasına yaxın baş məşqçi ilə yeni müqavilə barədə söhbət aparılır...

- Düzdür. Amma biz hələ bu barədə heç nə danışmamışıq. Çünki çoxlu oyunumuz olub. İndiyədək yalnız Çempionlar Liqasının “dördlər finalı” barədə düşünürdük. İstanbulda keçirilmiş həlledici mərhələdən sonra 3-4 gün evimdə oldum. Məşqləri yenicə bərpa etmişik. Komandadakı gələcəyimə bundan sonra aydınlıq gələcək. Baxaq, görək nə olur.

- Bəs özünüz hazırkı durumunuzdan razısınız?

- Bəli. Artıq 8 aydır ki, buradayam. Hələlik hər şeydən - klub prezidenti, rəhbərlik, kollektivdən razıyam. Nəyinsə pis olduğunu deyə bilmərəm.

- Digər komandalardan təkliflər almısınız?

- İtaliyanın bir klubundan və 2 ölkə yığmasından təklif almışam. Lakin bu barədə müqaviləm başa çatdıqdan sonra ətraflı məlumat verə bilərəm. Öncə buradakı işimi başa vurum, sonra həmin təklifləri nəzərdən keçirərəm.

- Bu yaxınlarda oyunçunuz Kimberli Qlassın internet saytlarında yarıçılpaq fotoşəkilləri yayılıb. Baş məşqçi kimi buna necə yanaşırsınız?

- ABŞ-da, Avropada bu, normal hal sayılır. Məni isə voleybolçumun yalnız oyunu maraqlandırır, qalan məsələlər yox. Kim harada nə edirsə, bunun oyuna dəxli yoxdur. O üzdən, Qlassa çəkdirdiyi fotolara görə heç nə deməmişəm.

- Bəs “Dördlər finalı”nda yarımfinal matçından sonra voleybolçularınızın komanda rəhbərliyi ilə gecə yarısınadək əylənməsi barədə xəbərlər nə dərəcədə həqiqətə uyğundur? Hər halda finaldakı zəif çıxışınızı bununla əlaqələndirənlər də var...

- Mənim belə olaydan xəbərim yoxdur. Bilirsiniz, “Real Madrid” Çempionlar Liqasının finalında oynadıqda, “Barselona”ya yaxın şəxslər əzəli rəqiblərinin pis çıxış etməsi üçün əllərindən gələni edirlər. Burada da belədir. Paxıllıq hər yerdə var. Mənim işlərim yaxşı gedirsə, rəqibim buna mane olmaq üçün çalışır. Bircə onu bilirəm ki, Çempionlar Liqasının finalında oynamağımız Azərbaycan voleybolunda ən böyük nəticədir. Qalanlarının nə demək istədiyi məni maraqlandırmır.

- Yarımfinal görüşündə qələbəni qeyd etmədiniz?

- Xeyr. Biz bütün gecəni işlədik. Növbəti rəqibimiz “Vakıfbank Günəş Sığorta” barədə məlumat topladım. Necə yatmaq olardı? Amma nə final matçı öncəsi, nə də sonra heç bir əyləncə olmayıb. Oyunlarımızı başa vurduqdan sonra təyyarəyə minib öz evimizə qayıtmışıq.

- Bəs federasiya rəhbərliyi ilə görüşləriniz gözlənilir?

- Məlumatsızam. Bizə bu barədə bir söz deməyiblər.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar