Azərbaycandan qayıtdı, yenidən prezident seçildi
29 mart 2011 10:24 (UTC +04:00)

Azərbaycandan qayıtdı, yenidən prezident seçildi

Lent.az-ın məlumatına görə, toplantıda iştirak etmiş 31 ölkə nümayəndələri arasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva da yer alıb.

Konqresin gündəliyindəki əsas məsələ 2011 – 2015-ci illərdə ECA-nı idarə edəcək şəxslərin seçilməsi olub. Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopesin də qatıldığı iclasda Albert Vuds (Böyük Britaniya) ECA-nın prezidenti, Mario Santos (Portuqaliya) ECA-nın vitse-prezidenti vəzifələrinə yenidən seçiliblər. Geyr Kvilliuma (Norveç) isə növbəti müddətə ECA Direktorlar Şurası üzvlüyü etibar olunub. Şuranın yeni üzvləri isə Tomas Konieçko (Almaniya) və Patrik Jerar (Fransa) olub.

Prezident Albert Vuds və vitse-prezident Mario Santos həm də İCF-in Direktorlar Şurasında Avropa qitəsi üzrə nümayəndələr olacaqlar. ECA-nın auditoru Andre Vandenput isə növbəti 2 il müddətinə yenidən bu vəzifəyə seçilib.

Konqres Nizamnamə və Qaydalara dəyişiklik təkliflərini qəbul edib. Buna əsasən, Marafon üzrə Avropa çempionatı hər il, daha dəqiqi, 2013-cü ildən etibarən qeyri-olimpiya ilində keçiriləcək. Konqres kanoe-sprint növü üzrə gələcək dünya çempionatı və Dünya Kubokunda hazırkı 9 cığırlı yürüş sistemini dəstəkləyib. ECA Şurası qərara alıb ki, Avstriya Kanoe Federasiyasının təşkil edəcəyi 2012-ci ildə fristayl, 2014-cü ildə isə slalom üzrə Avropa çempionatı Vyanadakı yeni qurğuda keçirilsin. Slalom üzrə 2014-cü il Yeniyetmələr və 23 yaşlılar arasında Avropa birinciliyi isə Makedoniyanın paytaxtı Skopyedə olacaq.

Toplantıda İnkişaf Proqramına ayrılan məbləğin artırılması təklifi də qəbul olunub. Yeni proqram Avropa ölkələrində kanoe növlərinin inkişafı üzrə gələcək fəaliyyətinə kömək edəcək. ECA-nın növbəti Konqresinin məkanı ECA Şurasının iclasında açıqlanacaq.

Konqres başa çatdıqdan sonra açıq müzakirələr keçirilib. Bu zaman avropalı nümayəndələr kanoe növlərinin gələcəyi barədə suallar ünvanlayaraq, İCF prezidentindən ən yeni məlumatlar almaq imkanı qazanıblar. Xose Perurena Lopes olimpiada proqramında edilən dəyişikliklərlə bağlı mühüm məsələlərə də aydınlıq gətirib.

Qeyd edək ki, Albert Vuds ECA-ya qurumun təsis olunduğu 1993-cü ildən rəhbərlik edir. O, 9 – 13 martda İCF-in prezidenti Xose Perurena Lopeslə birgə Azərbaycanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar