“Futbolumuzun 100 illiyi ilə bağlı Mətbuat Şurası ilə tədbirlər planı hazırlamışıq” - MÜSAHİBƏ
16 mart 2011 17:53 (UTC +04:00)

“Futbolumuzun 100 illiyi ilə bağlı Mətbuat Şurası ilə tədbirlər planı hazırlamışıq” - MÜSAHİBƏ

Azərbaycan futbolunun iyunun 8-də keçiriləcək 100 illik yubileyi ərəfəsində Bakı Futbol Federasiyası (BFF) Mətbuat Şurası ilə birgə tədbirlər planı hazırlayıb. Bununla əlaqədar BFF-in vitse-prezidenti Məzahir Süleymanzadə Lent.az-ın suallarını cavablandırıb:

- Azərbaycan futbolunun yubiley tədbirlərində BFF-in işi nədən ibarət olacaq?

- BFF futbolumuzun inkişafı ilə yanaşı, onun təbliğində də bilavasitə maraqlıdır. Təbliğat işində isə əlbəttə, mətbuat işçilərinin, jurnalistlərin üzərinə böyük məsuliyyət, vəzifə düşür. Özüm də ixtisasca jurnalist olduğumdan, media ilə əlaqələr məsələsi mənim üçün həmişə ön planda olub. AFFA-nın qəbul etdiyi qərara və tərtib etdiyi plana əsasən, Azərbaycan futbolunun 100 illiyinə çox böyük hazırlıq görülür. Bu, təkcə AFFA-nın vəzifəsi deyil. AFFA FİFA və UEFA rəhbərlərini, bizimlə sıx əlaqədə olan digər milli federasiyaların nümayəndələrini yubileyə dəvət edəcək və yubiley münasibətilə çox geniş tədbirlər həyata keçirəcək. Amma digər təşkilatlar da futbolumuzun 100 illiyinə öz töhfələrini verməlidirlər. Elə etməlidirlər ki, 100 illik yubiley bizim yaddaşımızda uzun illər boyunca qalsın və əlamətdar hadisəyə çevrilsin. Bunun üçün BFF də Mətbuat Şurası ilə birgə tədbirlər planı hazırlayıb.

- Tədbirlər planına nələr daxildir?

- BFF rəhbərliyi ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov arasında görüş olub. Görüşdə tədbirlər planı müzakirə olunub. Belə qərara gəlinib ki, azərbaycanlı jurnalistlərdən ibarət yığma komanda yubiley münasibətilə 3 dostluq görüşü keçirsin. Bunlardan biri Novruz bayramı ərəfəsində, yəni martın 19-da saat 11:00-da “Şəfa” stadionunun əsas meydançasında keçiriləcək. Fürsətdən istifadə edərək, bizim üçün yüksək səviyyədə stadion hazırladığına və oyunun təşkilinə şərait yaratdığına görə stadion rəhbərliyinə, şəxsən “İnter”in prezidenti Georgi Nikolova təşəkkür edirəm. Digər görüş aprelin son ongünlüyündə, üçüncüsü isə yubiley ərəfəsində, mayın sonları – iyunun əvvəllərində nəzərdə tutulub. Hər halda yubileyədək 3 dostluq görüşü keçiriləcək. Bu görüşlərdə jurnalistlərin bütün geyim təchizatı məsələsini BFF həll edəcək. Oyunları AFFA-nın hakimləri idarə edəcəklər.

- Rəqiblər kimlər olacaq?

- İlk görüşümüz Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət komanda ilə olacaq. Bu da təsadüfi deyil. Futbolu jurnalistlərsiz və polislərsiz təsəvvür etmək mümkün deyil. Jurnalistlər matçın informasiya, polislər isə təhlükəsizlik təminatını verirlər. Dünyanın heç bir yerində polislər olmadan heç bir futbol oyunu baş tuta bilməz. Çünki stadionlarda azarkeşlərin təhlükəsizliyini təmin etmək FİFA və UEFA-nın əsas tələblərindəndir. Polislər də futbol matçlarının ayrılmaz hissəsi hesab olunurlar. Onların da öz vəzifələri var və çalışırlar ki, oyunlar çox yüksək səviyyədə keçsin, insidentsiz başa çatsın. Ona görə də bu məsələdə ilk rəqibimiz polislər oldu. Daxili İşlər Nazirliyinin rəhbərliyi də bu işə çox yüksək səviyyədə yanaşdı, təklifi bəyəndi. Artıq komandaların heyəti müəyyənləşdirilib və martın 19-da meydançaya çıxacaqlar. Növbəti rəqib idmanla, o cümlədən futbolla bağlı qanunların qəbulunda çox böyük əmək sərf edən deputatlarla, üçüncüsü isə Azərbaycanın tanınmış futbol veteranlarından ibarət Bakının yığma komandası ilə keçiriləcək. Görüşlərin hamısı “Şəfa” stadionunda olacaq. Çalışacağıq ki, bu görüşlər böyük futbol bayramına çevrilsin, futbolun təbliğində əhəmiyyətli rol oynasın. Məqsədimiz budur.

- İdman jurnalistlərin mükafatlandırılması nəzərdə tutulub?

- Yubiley ərəfəsində Azərbaycanda uzun illərdən bəri futbolun təbliğində çox yaxından iştirak edən jurnalistlər müəyyənləşəcək. Həmin jurnalistlər Mətbuat Şurasında keçiriləcək yubiley toplantısına dəvət olunacaqlar. Tədbirdə onlara Mətbuat Şurasının BFF-lə birgə təsis etdiyi xüsusi diplomlar təqdim olunacaq. Beləliklə, biz həm jurnalistlərin futbolun təbliğində xidmətini ön plana çəkirik, həm futbolumuzun təbliği sahəsində önəmli addım atmış oluruq, həm də rəsmi qurumların diplomu ilə təltif etməklə, onlara xatirə hədiyyələri verməklə, belə demək mümkünsə, jurnalistlərin əməyini qiymətləndirir, futbolumuzun 100 illiyi münasibətilə onları da təbrik edirik.

- KİV nümayəndələrinin oyunlara seçimi necə müəyyənləşəcək?

- BFF-in həmişə jurnalistlərlə sıx əlaqəsi olub. Ölkəmizdə jurnalistlərin yığma komandası çoxdan mövcuddur. Azərbaycan jurnalistləri hətta “Jurnalist” futbol klubunun təşəbbüsü ilə Gürcüstanda yoldaşlıq görüşləri keçiriblər. Yəni, burada BFF-in müəyyən təcrübəsi var. Amma indiki halda əsas məsələ oyunlarda kimin udub-uduzmasından ibarət deyil. Əsas odur ki, jurnalistlər həm bir-biri ilə, həm də meydandakı rəqib futbolçularla ünsiyyətdə olurlar, Azərbaycan futbolunun yubileyi ərəfəsində söhbətlər edirlər, bir-birilərinə qaynayıb-qarışırlar, bir-birilərini tanıyırlar və futbolu təbliğ edirlər. Ona görə də burada futbolçuların fiziki keyfiyyətləri, kimin daha yaxşı oynaması məsələsi ön planda deyil. Önəmli məsələ ondan ibarətdir ki, ölkənin tanınmış qələm sahibləri meydançaya çıxırlar və futbol oynayırlar. Onların mütəmadi məşq etmələrinə, yarışlara ciddi hazırlaşıb qələbə əzmi ilə meydançaya çıxma məsələsinə o qədər də diqqət yetirməmişik. Əsas məqsədimiz onların meydançaya çıxaraq futbol oynamalarıdır. Amma bununla belə, uzun illərdir ki, jurnalistləri tanıyırıq, jurnalistlərin yığma komandasının indiyədək ən müxtəlif komandalarla, hətta xarici ölkə komandaları ilə yoldaşlıq görüşləri olub. Televiziya, qəzet, saytlarda fəaliyyət göstərən jurnalistlərin əksəriyyətini tanıyırıq. Onların futbol oynama qabiliyyətinə də bələdik.

- Oyunlara nə qədər jurnalisti dəvət ediləcək?

- Azərbaycanda təqribən 50 jurnalist-futbolçu var. Bir oyunda 50 futbolçunun meydançaya çıxması mümkün olmadığından, 3 oyunda onların hamısının xidmətlərindən istifadə etməyi qərara almışıq. İlk oyunda təxminən 20 nəfər çıxış edəcək. İkinci görüşdə komandanın 50-60 faizi yenilənəcək. Üçüncü qarşılaşmada isə tamamilə fərqli jurnalist-futbolçular çıxış edəcəklər. Çalışacağıq ki, sifariş ərizəsinə salınacaq 18 futbolçu 18 KİV-i təmsil etsin. Bununla da daha çox mətbu orqanın iştirakını təmin edəcəyik. Amma ola bilər ki, jurnalistlər arasında daha yaxşı futbol oynayan 3 həmkarımız da var ki, eyni redaksiyada çalışırlar. Biz hər oyunda onlardan 1-nin xidmətindən yararlanacağıq.

- Bəs futbolun təbliğində fəal iştirak edən jurnalistləri hansı meyarlarla seçəcəksiniz?

- Təbii ki, burada bizim də tövsiyələrimiz olacaq. Amma əsasən, onları Mətbuat Şurasının İdarə Heyəti müəyyənləşdirəcək. Jurnalistləri onlar tanıyır, yazılarını izləyirlər. Azərbaycan futbolunun son 50 ilində futboldan yazan, futbolun təbliği ilə məşğul olan yaşlı jurnalistlərimizdən bir çoxu indi də bizim aramızdadır. Çalışacağıq ki, onları da unutmayaq. Məsuliyyəti boynuma götürərək deyirəm: Mükafatı alanlar arasında tanınmış fotoqraf Faiq Rəcəbli də olacaq. Çünki o, Azərbaycan futbolunun salnaməsini yaradan yeganə fotomüxbirdir. Tofiq Bəhramov, Anatoli Banişevski kimi dahi futbol xadimlərimizin şəkillərini çəkib. 100 illik tarixə malik futbolumuzun 85 ilinin şahidi olub. Yubiley münasibətilə Rəcəblinin mükafatlandırılması həm onun əməyinə qiymət, həm ədalətli mövqe, həm də savab iş sayılacaq. Eyni zamanda Şakir Yaqubov, Aqşin Kazımzadə kimi tanınmış yazarların adlarını çəkə bilərəm. Çalışacağıq ki, unudulan olmasın.

- Ümumiyyətlə, neçə jurnalistin mükafatlandırılması nəzərdə tutulub?

- Hələ bu barədə söhbət getməyib. Çalışacağıq ki, ədalətli qərar qəbul edək və bu mükafata layiq olanların heç biri kənarda qalmasın. Bu gün onların sayını söyləmək mümkün deyil. Nə qədər şəxs müzakirə olunacaqsa, onların futbolun təbliğindəki fəaliyyəti göz qabağında olub Mətbuat Şurasının İdarə Heyətini təmin edəcəksə müvafiq qərar verəcəklər və həmin jurnalistlərə mükafatlar təqdim ediləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar