“Azərbaycan prezidenti avarçəkmə haqda digər ölkə rəhbərlərindən daha məlumatlıdır”
11 mart 2011 15:51 (UTC +04:00)

“Azərbaycan prezidenti avarçəkmə haqda digər ölkə rəhbərlərindən daha məlumatlıdır”

Lent.az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, vitse-prezident Natiq Abbasov, gənclər və idman nazirinin müavini İlham Mədətov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.

Elçin Zeynalov artıq dördüncü ildir ki, akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatasının keçirildiyini bildirib. Onun sözlərinə görə, bu yarışda bir neçə qonşu ölkə idmançıları da iştirak edirlər: “Bu ilki reqata bizim üçün həm də ona görə önəmlidir ki, Beynəlxalq Kanoe Federasiyasının prezidenti və Avropa Kanoe Assosiasiyasının prezidentləri də burada iştirak edirlər. Onların iştirakı təsadüfi deyil. Ötən ilin oktyabrında “Kür” Olimpiya Mərkəzi istifadəyə verilib. Bu, analoqu olmayan bir avarçəkmə kompleksidir. Bu kompleks haqda məlumatlar bütün dünyaya yayılıb, digər ölkələr də məlumatlıdırlar. Beynəlxalq və Avropa kanoe qurumlarının rəhbərlərinin bu qurğunu öz gözləri ilə görmək istədikləri təsadüfi deyil. Gələcəkdə burada beynəlxalq yarışların təşkili və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Xose Perurena İCF-in 6 növ - slalom, düz suda yarışlar, draqon-boat, kanoe-polo, kayak və kanoe üzrə yarışlar keçirdiyini söyləyib. Onun sözlərinə görə, yarışlar 3 növ suda – düz, axar və dalğalı suda keçirilir. Perurenanın fikrincə, Azərbaycanda bunların hər üçü üzrə yarışlar keçirmək mümkündür: “Xəzər dənizi dalğalıdır. Axar və sakit sular da mövcuddur. Azərbaycanın son zamanlar bu idman növləri üzrə müvəffəqiyyətlərini nəzərə alsaq, görərik ki, ölkəniz çox böyük irəliləyişlər əldə edib. Xüsusən, cəmi 20 illik müstəqillik tarixi ərzində bu nailiyyətlərin olduğunu nəzərə alsaq, onların nə qədər yüksək səviyyəli olduğunu anlaya bilərik”.

İspaniyalı qonaq “Kür” Olimpiya Komplesini fantastik qurğu adlandıraraq, bildirib ki, beynəlxalq reqataların keçirilməsi üçün 3 amil çox vacibdir: Könüllülərin iştirakı, yaxşı komandaların olması və yaxşı idman qurğusunun olması. Onun fikrincə, bu amillərin üçü də Azərbaycanda var. Ona görə də heç bir problem olmamalıdır.

“Səfər təəssüratlarına gəlincə, şəxsi qənaətim belədir ki, çox gözəl görüşlər keçirdik, ətraflı müzakirələr apardıq. Onu da qeyd edim ki, mən bir çox dövlət başçıları ilə görüşmüşəm. Amma bu görüş fərqli idi. Çünki bir çox hallarda biz həmin dövlət başçılarına kayak və kanoenin nə olduğu barədə məlumat vermək məcburiyyətində qalırdıq. Lakin indi fərqli oldu. Sizin prezident isə avarçəkmə növləri haqda çox gözəl bildiyi üçün özü bizə məlumatlar verdi. Ümumiyyətlə, çox gözəl suallar ünvanlandı. Azərbaycanda idmanın inkişafı ilə əlaqədar məlumatlar da verildi. Ümumdünya olimpiya hərəkatı sahəsində də bütün gedişatlar haqda da çox məlumatlar verildi. Görüşümüz 40 dəqiqəyədək davam etdi. Çox sərbəst formatda oldu. Eynilə, gənclər və idman naziri Azad Rəhimovla görüşümüzün də yüksək səviyyədə keçdiyini deyə bilərəm. Cənab nazir xüsusən İspaniya və Azərbaycan arasında idmançı mübadiləsi haqda məsələ qaldırdı. Yəni, Azərbaycandan idmançıların İspaniyaya göndərilməsi və əksinə... Bu mənim təəssüratlarımdır” - deyə, Perurena bildirib.

Albert Vuds da prezident İlham Əliyevlə görüşü özləri üçün çox böyük şərəf saydığını deyib. O, xüsusən, İ.Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olması faktının çox vacibliyini vurğulayıb: “Görüşümüzdə bütün idman məsələlərini çox rahat və sərbəst şəkildə müzakirə edə bildik. Bu idman kompleksinə gəldikdə, dünya miqyasında çox fantastik kompleks sayıla bilər. Cənab Perurena da qeyd etdi ki, Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsi məqsədəuyğundur. Bunu da qeyd edim ki, AMAF prezidenti ilə birgə bu məsələ üzərində işləyirik və həyata keçirilməsi üçün bütün lazımi səylərimizi göstərəcəyik”.

“Burada İCF və ECA-nın dəstəyilə müxtəlif ölkələrin iştirakı ilə təlim-məşq toplantıları, hakimlər və məşqçilər üçün konfranslar keçirilə bilərmi? Təqvim-planınızda bunu nəzərə alacaqsınız?” sualına cavabında Vuds bunun mümkünlüyünü bildirib: “Xüsusən, Mingəçevirdəki iqlimi və buradakı imkanları nəzərə alsaq, bütün sadaladığınız tədbirlərin həyata keçirilməsi, Böyük Britaniya və digər ölkələrdən idmançıların buraya gələrək, təlim-məşq toplantılarında iştirakı mümkündür. İlk növbədə, AMAF rəhbərliyinin bu məsələ ilə əlaqədar bizə müraciət etməsi lazımdır. Bu müraciət olarsa, qeyd etdiyiniz bütün lazımi işlər görüləcək və təqvim planına daxil ediləcək”.

Öz növbəsində Zeynalov bu istiqamətdə beynəlxalq federasiyalara təkliflər göndərəcəklərini söyləyib: “Cənab Vudsun qeyd etdiyi kimi, yaxın gələcəkdə İngiltərə və digər iqlimi soyuq ölkələr isti yerlərdə məşq, digər tədbirlər keçirməyə marağındadırlar. Bu marağı və maraqlarımızın üst-üstə düşdüyünü nəzərə alaraq, bu toplantıları şübhəsiz ki, təşkil edəcəyik”.

Perurena kayak və kanoe yarışlarında 200 metrlik məsafənin də olimpiya proqramına salınmasının Azərbaycan idmançılarının çıxışlarına da müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Bakıda avarçəkənlərin məşğuliyyəti üçün imkanlarının məhdudluğuna diqqət çəkən Zeynalov dəfələrlə Gənclər və İdman Nazirliyi qarşısında bu məsələni qaldırdıqlarını xatırladıb: “Bakıda bir neçə avarçəkmə klubu mövcud olmalıdır. 3 milyonluq əhalisi olan şəhərdə bir neçə avarçəkmə klubu olmalıdır. Xoşagələn haldır ki, cənab Perurena ölkə prezidenti ilə görüşündə bu məsələni qaldırıb. Mənə elə gəlir ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq”.

Raqif Abbasov isə Bakıətrafı regionların inkişafına dair dövlət proqramında paytaxtın ətraf rayonlarında yeni avarçəkmə bazalarının yaradılmasının yaxın gələcəkdə mümkünlüyünü istisna etməyib. Perurena isə bu məsələnin həllinin vacibliyini deyib: “Bir vacib məsələyə də aydınlıq gətirmək istərdim. Klubların bütün regionlar üzrə inkişafı bir məsələdir, yeni komplekslərin tikintisi isə başqa. Məsələn, İspaniyada 330 avarçəkmə klubu mövcuddur. 100 min idmançı var. Yüksək səviyyədə yarışlar keçirmək üçün isə 2 kompleks mövcuddur. Ona görə də bunu nəzərə almaq və klubları inkişaf etdirmək lazımdır”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar