“Rednik də oyunlarını idarə etsə, “Xəzər Lənkəran” yenə hakimlikdən narazı olacaq”
10 mart 2011 18:34 (UTC +04:00)

“Rednik də oyunlarını idarə etsə, “Xəzər Lənkəran” yenə hakimlikdən narazı olacaq”

“Son zamanlar müxtəlif KİV-lərdə “Neftçi”nin hakimlərin köməyi ilə çempionluğa aparıldığı bildirilir. Amma bu bir faktdır ki, komandamız öz gücünə oynayır”. Lent.az-ın məlumatına görə, “Neftçi”nin rəhbərliyi, baş məşqçi Arif Əsədov və aparıcı futbolçuları Rail Məlikovla Slavço Georgiyevskinin iştirakı ilə martın 10-da keçirilmiş mətbuat konfransına klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu bu fikirlərlə başlayıb.

Əşrofoğlu flaqmanın çempionluqla yanaşı, Azərbaycan futboluna xidmət etmək məqsədi güddüyünü bildirib.

Klubun vitse-prezidenti Tahir Süleymanov 2010-2011-ci il mövsümü öncəsi “Neftçi”nin gücləndiyini və yeniləndiyini, bunun nəticəsində isə digər klubların da eyni addımı atdıqlarını vurğulayıb: “Son zamanlar belə bir mövqe formalaşdırmağa çalışırlar ki, guya flaqmanı qəsdən çempion etmək istəyirlər. Hər oyunumuzdan sonra hakimlərin “Neftçi”yə kömək etdiyini bildirirlər. Müəyyən qüvvələr tərəfindən ortaya atılan bu iddialara kəskin etirazımızı bildiririk. Komandamızın sonuncu dəfə 2005-ci ildə çempion olduğunu bilirsiniz. Bu mövsüm isə ilk turdan iddiamızı ortaya qoymuşuq. Digər klubların güclənməsinin səbəbkarı “Neftçi”nin apardığı islahatlardır. Açıq deyirəm: Klubumuzun rəhbərliyi də, baş məşqçisi də yerlidir. “Neftçi” və “Qarabağ” daha çox yerli futbolçu oynadan iki komandadır. Qalan iddialı klubların heç birinin 18-20 yaşlı gənc və yerli oyunçuları yoxdur. 15-20 legioner gətirən klublar haqda heç nə deyilmir. Amma “Neftçi” ətrafında süni iddialar ortaya atırlar. Əgər Azərbaycan futboluna “Neftçi”nin çempionluğu lazım deyilsə, o çempionluq heç “Neftçi”yə də lazım deyil”.

Süleymanov “Neftçi” ətrafında bu süni təzyiqlərlə əlaqədar mətbuatın köməyinə ehtiyac duyduqlarını açıqlayıb: “Təkcə Azərbaycan futbolunun deyil, “Neftçi”nin xilası üçün sizlərə ehtiyacımız var. Azərbaycana səviyyəli baş məşqçi və oyunçuların gəlməsini istəyiriksə, buna çalışmalıyıq. “Qarabağ”ın Avropa Liqasında nəticəsini hamımız gördük. Biz də yerli futbolçuların köməyilə futbolumuzu inkişaf etdirmək istəyirik. “Neftçi” 20-25 legioner gətirmək siyasəti aparmır”.

Lakin “Neftçi” rəsmisi süni iddialar ortaya atanların adlarını açıqlamaqdan imtina edib. O, “Xəzər Lənkəran” rəhbərliyi ilə xoş münasibətdə olduqlarını söyləyib. Lakin Süleymanovun fikrincə, Lənkəran komandasının baş məşqçisi Mirça Rednik bəzi futboldankənar açıqlamalar verməklə məşğuldur: “Görünən dağa bələdçi lazım deyil. Kimlər süni olaraq, bu işləri görürsə, “Neftçi”nin qarşısını ala bilməyəcək. Rednikin etdiyi rayon-bölgə söhbəti, onun verdiyi futboldan kənar söhbətlərin qarşısı alınmalıdır. Heç bir şəxs Azərbaycan futbolunda “Bakı-rayon” söhbətinin olduğunu deyə bilməz. Türkiyədə legionerlər türkcə danışırlar. Amma Azərbaycana gələn legionerlər özlərini elə aparırlar ki, sanki Azərbaycana yuxarıdan-aşağı baxırlar”.

“Xəzər Lənkəran”la Azərbaycan Kubokunun ən azı yarımfinalında qarşılaşmalı olduqlarını deyən “Neftçi”nin vitse-prezidenti ¼ finalda üz-üzə gəlmələrini düzgün saymayıb. Süleymanov əsas məqsədlərinin çempion olaraq, Avropa kuboklarında uğurla çıxış etməkdən ibarət olduğunu bildirib. O, yerli məşqçi və futbolçular sayəsində buna nail olacaqlarını vurğulayıb: “Biz öz məşqçilərimizin qədrini bilməliyik. Milyonluq müqavilələrlə Azərbaycanda çalışanların işini hamımız görürük. Arif Əsədovun yerinə heç bir məşqçi ilə danışıq aparmırıq. Bunu rəsmən bəyan edirik. Əsas işimiz isə maydan sonradır”.

“Xəzər Lənkəran” – “Neftçi” matçında hakim səhvlərinin olduğunu deyən vitse-prezident FİFA referisi Vüsal Əliyevin bir epizodda meydan sahiblərinin futbolçusuna qırmızı vərəqə göstərmədiyini söyləyib. O, həmin epizodu dönüş nöqtəsi sayıb. Lakin Süleymanov təkcə bir oyuna etiraz etmək üçün mətbuat konfransı keçirmədiklərini açıqlayıb: “Bu mövsüm “Xəzər Lənkəran”la keçirdiyimiz 4 oyundan 3-ünü Vüsal Əliyev idarə edib. Rednik təəssüflə bildirib ki, yəqin, final mərhələsindəki oyunlarımıza Əliyevi təyin etməzlər. Keçmiş FİFA referisi kimi deyə bilərəm ki, hər şey göz qabağındadır. Lakin biz onun yenə təyinat almasına etiraz etmədik. Çünki yalnız bir oyuna görə danışmırıq. Bunların hamısı damla-damla yığılıb. Əgər söhbət “Xəzər Lənkəran”la matçdan gedirsə, lənkəranlı futbolçunun əllə oynamasına görə sarı vərəqə göstərilmədi. Bu, dönüş nöqtəsi idi”.

Bu zaman Elnur Əşrəfoğlu “Xəzər Lənkəran”ın hakimlərin əksəriyyətindən narazı qalmasına ironiya ilə yanaşıb: “Hətta Rednik də idarə etsə, yenə “Xəzər Lənkəran” hakimlikdən narazı qalacaq”.

Onun fikrincə, gələn il 75 yaşı tamamlanacaq “Neftçi” çempionluğa layiqdir. Lakin Əşrəfoğlu çempionluq asanlıqla başa gəlməyəcəyini deyib: “Ona görə də belə söz-söhbətlər çox olacaq”.

“Neftçi”nin baş məşqçisi Arif Əsədov son vaxtlar klub ətrafında yaranan ajiotajın özünə və futbolçulara təsir etdiyini söyləyib: “Hər oyundan sonra belə fikir yaranır ki, hakimlər guya “Neftçi”yə köçmək edir. Bunlar mənə və futbolçularımızın zəhmətinə təsir edir. Əvvəllər heç vaxt hakimlər haqda danışmamışdım. İlk dəfə “Xəzər Lənkəran”la cavab oyunundan sonra fikir bildirdim. “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin ilk oyundan sonra hakimlər barədə səsləndirdiyi mənfi fikirlərə reaksiya verdim. Necə olur ki, Vüsal Əliyev “Xəzər Lənkəran”la 4 oyunumuzdan 3-ünü, eləcə də “Xəzər Lənkəran”ın mövsüm ərzində 8 oyununu idarə edir, bunların heç birində uduzmurlar? Vüsal Əliyevin təyinatından narazılığım yoxdur. Onu yenə təyin edəcəklərsə, etiraz etməyəcəyik. Sadəcə, son oyunlarda hakimlərin “Neftçi”yə kömək etdikləri barədə fikirlərə etirazımızı bildiririk”.

Hər zaman “Neftçi”dəki gənc futbolçulara şans verdiyini deyən Əsədov bu qərarı verməklə məsuliyyətli işin altına girdiyini etiraf edib. O, belə addımı Azərbaycan futbolunun inkişafı naminə atdığını deyib: “İndi gətirilən əcnəbi futbolçular və məşqçilər nə vaxtsa klublardan gedəcəklər. Bizə Cavidlər, Arazlar, Mirhüseynlər, Ruslanlar qalacaq. Yerli məşqçilərə və futbolçulara inanmaq lazımdır. Mən bu heyətlə çempion olacağımıza inanıram. Bəzən mətbuatda ambisiyasız olduğum barədə fikirlərə rast gəlirəm. Əgər mən ambisiyasız olsaydım, bu yükün altına girməzdim. Hər şeyi mövsümün sonu göstərəcək. Düzdür, səhvsiz insan yoxdur. “Xəzər Lənkəran” bizim fasilədən öncəki gücümüzü yaxşı bilirdi. Biz də oynadıqca, səhvlərimizi analiz edib, qarşıdakı iki oyunda qalib gəlməyə çalışacağıq”.

Baş məşqçi “Xəzər Lənkəran”la indiyədək keçirdikləri 4 oyunun heç birində “Neftçi”nin qələbə qazana bilməməsindən nəticə çıxaracaqlarını bildirib: “Əvvəlki oyunların taleyini bir qol həll edirdi. “Xəzər Lənkəran”la Bakıdakı kubok matçını futbolçularımızın fərdi səhvləri üzündən uduzduq. Qapımıza bütün qollar standart vəziyyətlərdən vuruldu. İlk qolu buraxandan sonra komandamız risk etməli idi. Risk etdik və açıq futbol nəticəsində qolların sayı daha çox oldu”.

Transfer siyasətində yanlışlığa yol verdikləri ilə razılaşmayan Əsədovun sözlərinə görə, Emil Mpenza qış hazırlığı dövrünün sonlarında zədələndikdən sonra təcili hücumçu axtara bilməyiblər. Onun sözlərinə görə, hazırda bərpa dövrünü keçən Mpenza martın 20-dək “Neftçi”yə qoşulacaq. 41 yaşlı mütəxəssis “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı rəqabətin üçüncü komandanın xeyrinə işləyəcəyi ehtimalını istisna etməyib: “Qurban Qurbanov da “Neftçi”də olanda belə deyirdilər. Amma sonra “Neftçi” kənarda qaldı, çempion başqası oldu. İndi də eyni cür danışırlar. Yenə “Neftçi” və “Xəzər Lənkəran” bir-birini qıracaqlar. Çempion isə başqası olacaq”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar