“Azərbaycanda Avropa və dünya çempionatları keçirmək mümkündür”
10 mart 2011 11:54 (UTC +04:00)

“Azərbaycanda Avropa və dünya çempionatları keçirmək mümkündür”

Lent.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes deyib.

İspaniyalı qonaq martın 9-da Azərbaycan prezidenti İlham Əliyev, eləcə də gənclər və idman naziri Azad Rəhimovla keçirdiyi görüşlərdən razı qaldığını bildirib. Son illər Azərbaycanda çox gözəl idman qurğularının inşa olunduğunu söyləyən Perurenanın sözlərinə görə, bunlardan biri Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzidir: “Günortadan sonra Mingəçevirə yollanaraq, həmin mərkəzi ziyarət edəcəyik. Bildiyimə görə, Mingəçevirdəki avarçəkmə mərkəzi çox gözəl və yüksək səviyyədə hazırlanmış idman qurğusudur”.

İCF prezidenti kanoeçilərimizdən Valentin Demyanenko, eləcə də Sergey Bezuqlıy – Maksim Prokopenko duetlərinin Avropa və dünya çempionatlarında yüksək yerlər tutduqlarından xəbərdar olduğunu əlavə edib. O bildirib ki, Azərbaycanda belə yüksək nəticələr əldə edən kanoeçilər varsa, burada Avropa və dünya çempionatları da təşkil etmək mümkündür: “Nəzərə alsaq ki, kanoeçiləriniz Avropa və dünya çempionatlarında qızıl medal qazanıblar, gələcəkdə bu, sizin də belə nüfuzlu yarışlar təşkil etməyinizə imkan yaradacaq”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar