Mingəçevirdə Beynəlxalq “Prezident Kuboku” reqatası keçiriləcək
07 mart 2011 21:01 (UTC +04:00)

Mingəçevirdə Beynəlxalq “Prezident Kuboku” reqatası keçiriləcək

Lent.az-ın məlumatına görə, həmin gün Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında ənənəvi Beynəlxalq “Prezident Kuboku” reqatası start götürəcək.

Yarışda 4 ölkə - Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın 100-dən çox idmançısı çıxış edəcək. Azərbaycan və Gürcüstan hər üç növdə, Rusiya akademik avarçəkmə, Ukrayna isə kayak və kanoe növlərində təmsil olunacaq. “Prezident Kuboku”nun baş hakimi beynəlxalq dərəcəli hakim Aleksandr Bakanıçevdir.

Ardıcıl 4-cü ildir keçirilən reqata Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcələrinin təyin olunması məqsədilə təşkil olunur. Akademik avarçəkənlər 4000 metr və 1000 metr məsafələrə 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik sükansız (2-), 4 nəfərlik qoşa avarlı (4X) qayıqlarda yürüş edəcəklər. Bu zaman hər bir idmançının 2 növ qayıqda iştirakına icazə veriləcək.

Kayak və kanoeçilər 1000 metr, 500 metr və 200 metr məsafələrə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla (K-1, K-2, C-1, C-2) yarışacaqlar. Burada isə idmançılara hər üç məsafəyə yürüşə qatılmaq imkanı veriləcək.

Turniri izləyənlər arasında mötəbər qonaqlar qismində Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, qurumun eksperti Çaba Santo və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds da olacaq. Martın 9-da Bakıya gələcək qonaqlar rəsmi görüşlərdən sonra Mingəçevirə yollanacaqlar. Onlar martın 11-də saat 9:00-da başlanacaq açılış mərasimində iştirak edəcək, ardından AMAF prezidenti Elçin Zeynalovla birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra mötəbər qonaqlar martın 13-dək davam edəcək yarışı izləyəcəklər.

“Prezident Kuboku”nu Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası təşkil edəcək. Bütün mükafatçılar nazirlik və federasiyanın diplom və medalları ilə təltif ediləcəklər. Eyni zamanda, həm akademik avarçəkmə, həm də kayak və kanoe yarışlarında ümumi komanda hesabında birinci yeri tutacaq ölkəyə “Prezident Kuboku” təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar