“Xəzər Lənkəran” bəyanat yaydı
05 mart 2011 12:17 (UTC +04:00)

“Xəzər Lənkəran” bəyanat yaydı

Lent.az-ın məlumatına görə, bəyanatda oyun vaxtı Lənkəran komandasının hakimlərin qərəzli və qeyri-obyektiv qərarları ilə üzləşdiyi və belə halların yolverilməzliyi əksini tapıb.

Bəyanatda bildirilir: “Xəzər Lənkəran” Futbol Klubu Azərbaycanda futbolun inkişafı prosesinin aparıcı tərkib hissəsidir. Yarandığı gündən qarşısına ölkə futboluna inkişaf və müxtəliflik gətirmək məqsədini qoyan və bu gün də bu məqsəd uğrunda böyük azarkeş kütləsinin dəstəyi ilə fəaliyyətini davam etdirən “Xəzər Lənkəran” hər zaman ona qarşı yönələn ədalətsizliklərə münasibət bildirib. Sağlam rəqabət prinsipinə daim əməl edərək və bu prinsipdən yayınmanı yolverilməz hesab edərək klubumuza və ölkə futboluna zidd əməllərə etiraz etməyi özümüzə borc bilirik.

Təəssüflə bildiririk ki, futbola yatırılan böyük vəsaitlərin qarşılığında bir sıra insanlar öz şəxsi mənafeləri naminə Azərbaycanda bu idman növünün geriləməsinə səbəb olur. Biz ayrı-ayrı şəxslərin xırda ambisiyaları səbəbindən qarşımıza qoyduğumuz böyük məqsədlərdən yayınmayacağımızı bir daha hər kəsin nəzərinə çatdıraraq, yaranmış bu vəziyyətdə sadəcə məlum faktları göstərib suallarımıza cavab tələb edirik.

Qeyd olunan oyunda “Xəzər Lənkəran”ın qalib gəlməsinə baxmayaraq, 90 dəqiqə ərzində hakimin komandamıza qarşı haqsız qərarlarına göz yuma bilmərik. 1:0 hesabı ilə öndə olduğumuz zaman qapımıza təyin olunan penaltinin absurd olduğu videoyazıda açıq-aşkar görünür. Bundan əlavə hesab 4:2 olarkən hakimin gözü önündə Elnur Abdullayevə qarşı qayda pozulmasına baxmayaraq, oyun davam etdirildi və əks-hücum nəticəsində komandamızın qapısından qol keçirildi. Həmçinin, bütün oyun boyu “Xəzər Lənkəran”ın qapısına doğru yerli-yersiz olaraq çoxlu sayda cərimə zərbələri təyin edilmişdir. Ən ağlasığmaz isə öz texniki zonasında heç bir qaydaya zidd hərəkət etməmiş baş məşqçi Mirça Rednikin oyundan kənarlaşdırılması oldu.

AFFA səviyyəsində ümumilikdə futbola göstərilən dəstək nəticəsində hakimlik məsələsinə böyük diqqət ayrıldığını bilirik. Elədirsə, klub rəhbərliyinə zəng vuraraq oyunun müvafiq şəkildə bitməsi üçün rüşvət istəyən Anar Salmanov nə üçün hələ də federasiyanın bayrağı altında keçirilən oyunları idarə etmək hüququna malikdir? Göstərdiyimiz bu faktda əminliyimizə isə heç bir şübhə ola bilməz, çünki zəng edilən həmin klub məhz “Xəzər Lənkəran” Futbol Klubu olub. Bu faktın sübutlarını AFFA-ya göndərdiyimizə baxmayaraq, Hakimlər Komitəsi yenidən məhz Anar Salmanovu və məhz “Xəzər Lənkəran”ın “Neftçi” ilə keçirilən prinsipial oyununa təyin edib. O “Neftçi” ilə ki, Anar Salmanovun doğma qardaşı o klubda massajçı qismində çalışır. Belə aşkar fakt olduğu halda heç bir obyektivlikdən söhbət gedə bilməz.

Bu hakimin “Muğan” – “Xəzər Lənkəran” oyununda etdiyi özbaşınalıqdan və bizim buna etdiyimiz etirazdan da o qədər də çox zaman keçməyib. Biz o vaxtdan həyəcan siqnalı verərək, xəbərdar etmişdik ki, belə xoşagəlməz faktlara göz yummaq daha da pis nəticələrə çıxaracaq. Lakin həmən zaman sərt cəza ilə üzləşməyən Salmanov artıq dünənki görüşdə daha da ifrat formada haqsızlıqlar etdi. Onun bundan sonra da cəzasız qalmasının nəyə gətirib çıxaracığını hətta təsəvvür etmək çətindir.

Hal-hazırda respublikamızda korrupsiya əleyhinə keçirilən genişmiqyaslı tədbirlərin fonunda, bilavasitə bizə aidiyyatı olan futbol sahəsində də müvafiq addımların federasiya səviyyəsində atılmasını qaçılmaz hesab edirik. Bu yöndə ilk növbədə adı çirkin əməllərdə hallanması adi hala çevrilmiş Hakimlər Komitəsində islahatların aparılması zəruri olmasında əminliyimizi bildiririk və lazımi tədbirlərin dərhal və təxirəsalınmadan görülməsini tələb edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar