“Neftçi”dən “Xəzər Lənkəran”ın ittihamlarına cavab
04 mart 2011 16:28 (UTC +04:00)

“Neftçi”dən “Xəzər Lənkəran”ın ittihamlarına cavab

“Neftçi” klubu NBC Bank Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la keçirdikləri ilk oyunu dəyərləndirib. Lent.az-ın məlumatına görə, flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında azarkeşlərin super qarşılaşmaya şahidlik etdiklərini bildirib.

Onun fikrincə, futbolumuzda belə maraqlı, gərgin qarşılaşmalar çoxdandır yox idi: “Fikrimcə, bu cür oyunlar yalnız Azərbaycan futbolunun inkişafına xidmət edir. “Neftçi” rəqibinə öz meydanında məğlub olsa da, bu, hələ son demək deyil. Qarşıda cavab oyunu var və “Neftçi” növbəti mərhələyə çıxmaq üçün bütün var qüvvəsi ilə mübarizə aparacaq. Futbolda bu cür hallara tez-tez rast gəlmək olur. Futbol həvəskarları Avropa kuboku çərçivəsində keçirilən “Spartak” – “Verder”, “Milan” – “Deportivo” qarşılaşmalarını yəqin ki, yaxşı xatırlayırlar. İlk oyunlarda “Spartak” və “Milan” klubları rəqiblərini 4:1 hesabı ilə məğlub etsələr də, müvafiq olaraq 2:6 və 0:4 hesabları ilə uduzaraq, kubok yarışlarından kənarda qalıblar. İnanıram ki, biz Lənkəranda baş tutacaq cavab oyununda yenə gözəl atmosferin və super matçın şahidi olacağıq”.

Əşrəfoğlu kubokun ilk oyunundan sonra mətbuata açıqlamalar verən “Xəzər Lənkəran” klubunun futbolçularının və baş məşqçisinin ittihamlarına da münasibət bildirib: “Xəzər Lənkəran”lılar iddia edirlər ki, görüşün hakimləri “Neftçi”nin tərəfini saxlayıblar. Bu cür fikirlər səsləndirmək gülünc doğurur. Məgər Mirça Rednik və onun futbolçuları bu komandalar arasında 20 gün əvvəl Bakıda keçirilən çempionat oyununu xatırlamırlar? Əgər yadlarına düşmürsə, mən onlara xatırladım. Həmin oyunda Bahodir Nasimova qarşı kobudluqlara hakim iki dəfə göz yumdu və “Xəzər Lənkəran”ın qapısına 100 faizlik penaltiləri vermədi. Daha sonra evində AZAL-ı qəbul edən “Xəzər Lənkəran”ın referinin köməkliyi ilə “təyyarəçilər”ə necə qalib gəldiyini bütün Azərbaycan gördü. Bax, onda Rednik niyə səsini çıxarmırdı? İndi başlayıb düzgünlükdən dəm vurmağa... Rumıniyalı məşqçi oyun boyu emosional hərəkətləri ilə hər iki klubun azarkeşləri arasında iğtişaşların yaranmasına səbəbkar oldu. Məhz onun hakimlərin qərarına hər etirazı azarkeşlər arasında “söyüş deyişməsinə” gətirib çıxarırdı. İki klubun rəhbərliyi arasında gözəl münasibətlər var. Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz. “Neftçi” məğlubiyyətləri peşəkar səviyyədə həzm edə bilir və hamı da yaxşı başa düşür ki, ilk görüşdə alınan məğlubiyyət heç də dünyanın sonu demək deyil. Rəqib komandadan Elnur Abdullayev, Kamran Ağayev və yumurtadan dünən çıxan Vobaya isə məsləhət görərdim ki, boş-boş danışmaqdansa, gedib futbollarını oynasınlar. “Neftçi”nin heç kimin köməyinə ehtiyacı yoxdur”.

“Neftçi”də Azərbaycan futbolunun inkişafı naminə görülən işlərin göz qabağında olduğunu deyən flaqman rəsmisi Sadıq Sadıqov kimi klub prezidentinə malik olduqlarını vurğulayıb. Onun fikrincə, belə insana yalnız çempionluq yaraşır: “İnşallah, bu istəyimiz tezliklə reallaşacaq”.

Qeyd edək ki, “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ¼ final mərhələsinin ilk oyununda “Xəzər Lənkəran”a uduzub – 3:4.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar