“Onlar böyük qələbə qoxusunu hiss etdilər”
04 mart 2011 15:05 (UTC +04:00)

“Onlar böyük qələbə qoxusunu hiss etdilər”

Lent.az-ın məlumatına görə, toplantıda UEFA prezidenti Mişel Platininin müşaviri Paskal Torres də iştirak edib.

AFFA prezidenti Rövnəq Abdullayev çıxışında ötən il martın 5-də keçirilmiş Konfransdan sonrakı bir ili əhatə edən hesabat dövrünün bir sıra mühüm tədbirlərlə əlamətdar olduğunu bildirib. O, 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməkdə olduğunu vurğulayıb. Əsas prioritet istiqamətlərin kütləvi futbol, təhsil və infrastrukturdan ibarət olduğunu deyən Abdullayev Azərbaycanda artıq 15366 nəfər futbolçunun mövcudluğunu diqqətə çatdırıb. Eyni zamanda, federasiya rəhbəri uşaq futbol məktəbləri, ilk dəfə Pro kateqoriyalı məşqçi kurslarının təşkili, bütün bölgələrdə stadionların tikintisi və bərpası istiqamətində işlərin görüldüyünü xatırladıb. O, hazırda AFFA tərəfindən inşa olunan 3 stadion barədə də danışıb. O, 2011-ci ildə istifadəyə veriləcək Mərdəkandakı “Dalğa” stadionunun adının dəyişdiriləcəyini, ora sponsorun adının verilməsinin mümkünlüyünü söyləyib. Bayıl və 8 km qəsəbələrindəki arenaların açılışı isə gələn il baş tutacaq. Hər üç stadion 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlar arasında dünya çempionatı üçün hazırlanır.

AFFA prezidenti milli komandamızın və klublarımızın çıxışları barədə də danışıb. O, “Qarabağ” futbol və “Araz” futzal klublarının Avropa kuboklarındakı nəticələrini, eləcə də yığmamızın Türkiyə üzərində qələbəsini yüksək qiymətləndirib: “Komandamızın Türkiyəni məğlub etməsi futbolçularımızı ruhlandırdı. Onlar böyük qələbə qoxusunu hiss etdilər. İnanıram ki, millimiz gələcəkdə öz sözünü deyəcək”.

Mandat komissiyasının sədri Gülağa Cabbarov konfransa 35 dəvətlidən 32-nin qatıldığını və toplantını keçirmək üçün yetərsayın olduğunu bildirib. AFFA-nın Maliyyə və Mühasibat Departamentinin sədri Yusif Həmidov isə maliyyə hesabatı verib. Reklam və marketinq gəlirlərinin 830 min manat təşkil etdiyini deyən Həmidovun sözlərinə görə, təkcə Azərbaycan – Türkiyə matçına bilet satışından 136 min manat gəlir götürülüb. AFFA son bir ildə Dövlət Sosial Müdafiə Fonduna 670 min manat, vergiyə isə 1 milyon 137 min manat ödəyib. O, büdcənin gəlir və xərcləri barədə danışarkən, federasiya prezidenti müdaxilə edib. Abdullayev iri ekranlı televizorda büdcənin gəlir və xərclər maddələrinin göstərilməməsindən narazılığını bildirib. O, hər şeyin şəffaf formada nümayiş etdirilməsini istəyib. AFFA-nın gəlirlərinin 966 min manat olduğu müəyyənləşib.

Müstəqil audit təşkilatının nümayəndəsinin hesabatı dinlənildikdən sonra AFFA-nın fəaliyyəti qənaətbəxş sayılıb. Bakı şəhər Audit Palatası ilə müqavilə uzadılıb, Elçin Usub lisenziyalaşdırma üzrə I instansiyanın, Nazim Əliyev isə apellyasiya komissiyasının sədri seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqı (DFB) tərəfindən hazırlanmış elit məşq layihəsinə uyğun kitabı nümayiş etdirib. O bildirib ki, DFB bu kitabın təmənnasız istifadəsinə icazə verib. Kitabın elektron versiyası isə mayda AFFA-nın rəsmi saytında yerləşdiriləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar